Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Oct 2022 İclaslar İclaslar

GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

Elmi şuranın iclasını giriş sözü ilə açan GGİ-nin baş direktoru akademik Akif Əlizadə doktoranturaya və dissertanturaya qəbul olunmaq istəyənlərin ixtisaslara uyğun olub-olmamaqlarını müəyyən etmək üçün İxtisas komissiyasının yaradılmasının və işçilərin öz hesabına qısa müddətli məzuniyyətə getmələri qaydasında dəyişikliklər edilməsinin zəruri olduğunu bildirib.

Akademik sonra iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.

AMEA müxbir üzvü Tələt Kəngərli YUNESKO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında məlumat verib. Alim nadir geoloji obyektlərlə zəngin Naxçıvan MR-də dörd istiqamət üzrə geopark yaradılmasının tarixçəsini xatırladıb. Parkın sosial, elmi, turistik və siyasi əhəmiyyətini vurğulayan T.Kəngərli bildirib ki, GGİ-nin təşəbbüsü ilə 2019-cu ildən etibarən bu istiqamətdə aparılan işlər tamamlanmaq üzrədir.

Y.e.e.d. Qulam Babayev Milli məlumat mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında danışıb. Bildirib ki, əsas məqsədi seysmik məlumatların toplanması və sistemləşdirilməsi olan CTBTO nüvə partlayışlarını da nəzarətdə saxlayır. Əldə olunan informasiyaların lazımi təşkilatlar üçün əlçatan olması ilə bağlı işlər də nəzərdə tutulur. Belə ki, Vyana şəhərində hər iki ildə bir dəfə əsas hədəf informasiya olan konfrans keçirilir.

İclasda akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutu Elmi şurasının tərkibinin qismən dəyişdirilməsini elan edib. O, ”Filiz-maqmatik sistemləri və minerageniya” şöbəsinin rəhbəri g.-m.e.n. Rauf Kərimovu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Tofiq Əhmədovu Elmi şura üsvləri siyahısına əlavə edilməsi təklifini irəli sürüb. Şura üzvləri təklifi yekdilliklə qəbul ediblər.

Y.e.f.d. Səadət Ələkbərova magistratura üzrə kadr hazırlığı barədə söz açaraq İnstitutun magistraturasına 2022-2023-cü tədris ili üzrə qəbulun, eləcə də II tədris ili magistrantlarının attestasiyasının yekunları barədə məlumat verib.

Doktorantura və dissertantura üzrə kadr hazırlığı barədə məlumatı isə iclas iştirakçılarına baş mütəxəssis Larisa Biryukova çatdırıb.

Geologiya və Geofizika İnstitutunun fond materiallarının rəqəmsallaşdırılması haqqında Geoloji fondun rəhbəri Ziyafət Abadzadə məlumat verib. Bildirib ki, 2021-cilin fevral ayından Fondda saxlanılan elmi-tədqiqat işləri üzrə hesabatların və İnstitutun Dissertasiya şurasında müdafiə edilmiş dissertasiyaların rəqəmsallaşdırılması üzərində işlər davam edir. Yazılma tarixi 1938-ci ildən başlamış materiallardan bu günə kimi 1183 hesabat rəqəmsallaşdırılıb. Hazırda 735 dissertasiyanın elektron variantı üzərində işlərə start verilib. Bütün bu işləri Fondun “Best-Comp Group” şirkətində xüsusi təlim keçmiş əməkdaşları Zümrüd İsmayılova və Şahanə Abdullayeva görürlər.

Elmi şuranın iclası “Yer elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Kəmalə Səfərlinin təqdim etdiyi “Qərbi və Şərqi Azərbaycan ərazisində maykop çöküntülərinin toplanma şəraiti və karbohidrogen rezervuarlarının xüsusiyyətləri (Orta Kür və Şamaxı-Qobustan çökəklikləri timsalında)” mövzusunda dissertasiya işinin müzakirə protokolunun təsdiqi ilə sona çatıb. 

GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
next
next