Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Sep 2022 İclaslar İclaslar

AKADEMİK AKİF ƏLİZADƏ GƏNCLƏRLƏ GÖRÜŞÜB

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə müəssisənin gənc alim və mütəxəssisləri ilə görüşüb. Tədbirdə bütün şöbələrin gəncləri, həmçinin rəhbərliyi təmsil edən alimlər iştirak ediblər.

A.Əlizadə bildirib ki, ümumi işə fayda verən, yeni təşəbbüs, təkliflərlə yadda qalan görüşlər İnstitutun yaxşı ənənələrindəndir. Pandemiya, yaxud digər nəzərdə tutulmamış maneələrə baxmayaraq bu xoş ənənəni davam etdirmək zəruridir.

Akademik hazırda GGİ-nin doktoranturasında vakant yerlərin boş qalması faktını təəssüflə qeyd edib. Vurğulayıb ki, doktoranturaya qəbulla bağlı ilk imtahanın – xarici dil imtahanının verilməsi müasir azərbaycanlı gənclər üçün problemə çevrildiyi müşahidə edilir. Ayrı-ayrı fənləri lazımi qədər mənimsəyə bilməmək də, çox zaman dil bilgisi ilə əlaqədar olur. Amma bu çatışmazlığı aradan qaldırmaq İnstitut rəhbərliyinin diqqəti və əzmkar gənclərin imkanları daxilindədir. Sadəcə, rəhbərliklə vatında və çəkinmədən əlaqə yaratmaq lazımdır.

Görüşdə akademik Akif Əlizadə nəzərə çatdırıb ki, gənclər elmi fəaliyyətlə yanaşı, əmək intizamı kimi vacib bir xüsusiyyəti də mənimsəməlidirlər. "Hətta tarix göstərir ki, dəhşətli müharibələrdə möhkəm silahlanmış tərəf yox, ciddi nizam-intizama nail olmuş tərəf qalib gəlir", - deyə akademik gənc alim və mütəxəssislərə məsləhət verib.

GGİ-nin baş direktoru dərin bilik qazanmaq üçün İnstitutda yaradılmış Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baza kafedralarının mahiyyətini açıqlayıb. Bildirib ki, ödənişsiz təhsil, məlumat mərkəzi kimi çox faydalı olan bu kafedraların xidmətindən maksimum faydalanmaq lazımdır. Bu istiqamətdə GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurası fəallığnı artırmalıdır. Canlı təmasın, hər hansı tapşırığın qruplar halında icrası, əsərlərin və ya problemlərin müzkirəsinın əməli faydası çoxdan sübut olunub. Nəzərə alınmalıdır ki, yeni texnika və texnologiya həmişə və hər situasiyada canlı ünsiyyət qədər faydalı olmur. Ona görədə yaxşını ən yaxşıdan ayırmaq lazımdır. Yəni vaxtın – gəncliyin qədrini bilmək, fəallığı durmadan artırmaq vacibdir.

Akademik Akif Əlizadə görüşdə iştirakçıların çoxsaylı suallarını cavablandırıb, eyni zamanda onların təkliflərini qeydə alıb. Nəticədə GGİ-də xarici dil kurslarının fəaliyyətinin davam etdirilməsi, respublika səviyyəsində aparılan Olimpiadalardan əlavə İnstitutdaxili elmi müsabiqələrin aparılması, geologiya və geofizika sahəsində biliklərin artırılması məqsədilə qısa müddətli ekspedisiyaların təşkil edilməsi, cihaz və avadanlıqlarda praktik işləmək vərdişlərini artırmaq məqsədilə treninq-kursların keçirilməs üçün imkanların yaradılması qərara alınıb.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə əmin edib ki, müəssisənin gənc alim və mütəxəssislərinin nəzəri biliklərinin praktik işlə möhkəmləndirilməsi və digər zəruri tədbirlərin reallaşdırılması üçün bütün imkanlar səfərbər ediləcək.

AKADEMİK AKİF ƏLİZADƏ GƏNCLƏRLƏ GÖRÜŞÜB
AKADEMİK AKİF ƏLİZADƏ GƏNCLƏRLƏ GÖRÜŞÜB
next
next