Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB

 
13 iyun 2021-ci il

Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar vəfat edib.

Çingiz Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Leninqrad Politexnik İnstitutunun texniki fizika sahəsində mühəndis-tədqiqatçı fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib. O, institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb.

Alimin 200-dən çox elmi əsəri nəşr olunub. Ç.Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll edib. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunub. Onun rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin keçmiş Sovetlər İttifaqında, Türkiyədə, İran İslam Respublikasında tətbiq olunub.

Ç.Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, nüfuzlu spektroskopçular məktəbi yaradıb, 24 fəlsəfə doktoru, 6 elmlər doktoru yetişdirib.

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 50-dən çoxdur.

Ç.Qacar molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Çingiz Qacar 2021-ci il iyunun 12-də vəfat edib, Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub.

Böyük alimin xatirəsi onu tanıyanların və bütün elm adamlarının qəlbində daim yaşayacaq.


ALLAH RƏHMƏT ELƏSİN!

AMEA Geologiya və Geofizika İnstitutunun rəbərliyi və kollektiv.