Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Nov 2021 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-nın MÜXBİR ÜZVÜ ABDUL ƏLİYEVİN 110 İLLİYİ QEYD OLUNUB

 

19 noyabr 2021-ci il

AMEA Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutu Elmi şurasının iştirakı keçirilən geniş iclasda Azərbaycanda geologiya və sedimentologiya elminin inkişafında müstəsna rol oynamış AMEA-nın müxbir üzvü Abdul Əliyevin (1911-1965) 110 illiyi qeyd olunub.

Tədbirdə əvvəl Geologiya və Geofizika İnstitutunda Abdul Əliyevin elmi əsərlərindən və onun haqqında yazılmış məqalələr toplularından ibarət sərgiyə, həmçinin alimin həyat və elmi yaradıcılıq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət stendə baxış keçirilib.

Elmi şuranın iclasına sədrlik edən Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə Abdul Əliyevin həyat və elmi yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Dağıstanın Kubaçi kəndində doğulmuş adi bir uşaq öz zəkası, əməksevərliyi, əzmkarlığı sayəsində elmə yiyələnərək istedadlı alim, pedaqoq, elmi təşkilatçı, litologiya elminin dərin bilicisi, ictimai xadim kimi məşhurlaşıb. A.Əliyevin cəmi 4 il rəhbəri olduğu Geologiya İnstitutunda neft ekspedisiyası ilə bağlı 50 cildlik elmi iş hazırlanıb. Gözəl pedaqoq kimi ad çıxarmış alim cəmi 54 il yaşasa da 20 aspirant hazırlayıb. Sonra o, Dağıstanda Geologiya İnstitutuna rəhbərlik edib. Təşkilatçılığı və əməksevərliyi ilə Dağıstan Respublikası rəhbərliyinin diqqətini çəkən A.Əliyevə Dağıstan Dövlət Universitetinin rektorluğu vəzifəsi tapşırılıb. Hərtərəfli istedad sahibi olan alim həm də bir qayğıkeş ailə başçısı kimi də nümunə göstərilir. Təsadüfi deyil ki, onun övladları da ata, baba yolunu davam etdirərək geologiya sahəsində yüksək elmi rütbə qazanıblar.

Abdul Əliyevin 110 illik Xatirə tədbirinə qatılan dağıstanlı nümayəndələr – Dağıstan Respublikasının eks prezidenti Muxu Əliyev, Dağıstan Elmi Mərkəzi Geologiya İnstitutunun direktoru t.e.n. Surxay Mamayev, həmin elmi müəssisənin keçmiş direktoru g.-m.e.d. Vasiliy Çerkaşin Abdul Əliyevi xoş sözlərə yad ediblər, onu Dağıstanın və Azərbaycanın dəyərli oğlu adlandırıblar. Eyni zamanda A.Əliyevin simasında iki respublikanın, iki xalqın sıx əlaqələrini qeyd ediblər. Xüsusilə vurğulanıb ki, Abdul müəllim əldə etdiyi nailiyyətlər böyük Azərbaycan xalqının qayğısı və mənəvi dəyərləri sayəsində reallaşıb.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru,g.-m.e.d. Çingiz Xəlifəzadə, GGİ-nin aparıcı elmi işçisi, g.-m.e.n. Şahvələd Köçərli çıxış edərək Abdul Əliyev haqqında maraqlı faktlar səsləndiriblər, onunla şəxsi təmasdan aldıqları təəssüratları bölüşüblər.

Abdul Əliyevin nəvəsi, GGİ Neftli-qazlı hövzələrin litogenezi şəbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Elmira Əliyeva çıxış edərək babasının xatirəsinə həsr edilən tədbir üçün minnətdarlığını ifadə edib.

Sonra Elmi şuranın gündəliyinə uyğun olaraq GGİ Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli YUNESKO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər barədə məlumat verib. T.Kəngərli bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində milli parkın yaradılması üçün bütün tələblərə cavab verən təbii şərait mövcuddur və bir neçə ildir ölkəmizin dünya miqyasında bir daha tanıdılması, bölgədə yeni iş yerlərinin açılması, xeli iqtisadi səmərə verə biləcək geoparkın reallaşması üçün bütün imkanlardan istifadə edilir.

Daha sonra akademik Fəxrəddin Qədirovun Geologiya və Geofizika İnstitutundakı Bakı Dövlət Universitetinin "Seysmologiya və Yer təkinin fizikası" baza kafedrasının fəaliyyəti haqqında və GGİ baş direktorunun ümumi işlər üzrə müavini, g.-m.e.n. Samir Məmmədovun "Geoservice GGİ" MMC-nin fəaliyyəti barədə məlumatı dinlənilib.

Akademik Akif Əlizadə AMEA sistemində elmi müəssisələrin gələcək inkişafını təmin edəcək kadr hazırlığını nəzərə alıb tələbə yetişdirilməsinin zərurəti barədə mülahizələrini çatdırıb, bu işin reallaşdırılması yollarını konkret faktlarla göstərib.