Monoqrafiyalar

KÜR ÇÖKƏKLİYİ GÖLLƏRİNİN EKOHİDROLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ
(V.A.MƏMMƏDOV) Bakı, 2011, "Nafta-Press" , 340 s.
Kitabda Kür çökəkliyi göllərinin antropogen təsirlə dəyişməsi və yaranmış ekocoğrafi problemlərin həlli yolları araşdırılır. Hidroloji, hidrokimyəvi və hidrobioloji yönümlü çoxillik məlumatların təhlili göstərir ki, Kür, Araz və onların qollarında axımın tənzimlənməsi ilə göllərin təbii rejimi pozulmuşdur. Nəticədə onların miqdarı, sahə və su həcmi azalmış, minerallaşma və çirklənmə dərəcələri isə artmışdır. Bu dəyişmələrin qanunauyğunluqları və parametrləri göstərilir. Konstruktiv üsullardan istifadə olunaraq regionun böyük göllərinin ekoloji tarazlığının bərpası yolları və ehtiyatlarından səmərəli istifadə imkanları araşdırılır.
Hidrologiya, ekologiya, hidrobiologiya, hidrokimya və hidrotexnika sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

"QUYULARDA GEOFİZİKİ TƏDQİQATLAR"DAN PRAKTİKİ İŞLƏR TOPLUSU
(X.F.MƏLİKOV, N.V.PAŞAYEV) Bakı, 2012, "ADNA-nın mətbəəsi" , 105 s.

Neft-qaz sənayesində elmi-texniki tərəqqinin əsas elementlərindən biri quyularda geofiziki tədqiqatlar (QGT) üsullarının yeni modifikasiyalarının işlənməsi və təkmilləşdirilməsidir. Quyu kəsilişində olan layların fiziki xüsusiyyətlərinin dərinlikdən asılı olaraq öyrənilməsinə QGT deyilir. Adətən, istifadə olunan fiziki sahədən asılı olaraq, kəsilişdə olan layların xüsusi müqavimətini, radioaktivliyini, elastik dalğaların yayılma sürəti və s.öyrənilir. Başqa bir qrup üsullarla həndəsi parametrlər öyrənilir: quyunun diametri və mailliyi, layların yatma bucağı və s. Beləliklə, QGT vasitəsilə yatağın geoloji quruluşunu, qazımanın və layların istismarının müxtəlif məsələlərini həll etmək mümkün olur.
Yuxarıda qeyd olunanlar hazırlanmış praktiki işlər toplusunun strukturunu təşkil edir. Laboratoriya işlər toplusunda məqsəd quyularda fiziki kəmiyyətlərin ölçülmə prinsiplərini tələbələrə öyrətmək, QGT-nin texnologiyası ilə onları tanış etmək, mühazirələrdə verilən bilikləri dərinləşdirmək, bununla da tələbələrə istehsalat üçün praktiki iş bacarığı aşılamaqdır.
Vəsaitdə verilən laboratoriya işlərinin hər birinin nəzəri əsasları və yerinə yetirilmə metodikası verilmişdir. Vəsaitdə hər bir işin xarakterinə uyğun ədəbiyyat siyahısı verilmişdir ki, tələbə tapşırığı müstəqil yerinə yetirmək üçün ondan faydalana bilər.
Praktiki işlər toplusu bakalavr pilləsində geologiya və geofizika mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

AZƏRBAYCAN ƏRAZISINDƏ SEYSMOPROQNOZ MÜŞAHIDƏLƏR
Bakı, 2012, "Nafta-Press" , 640 s. (Kataloqda məqalələr azərbaycan, rus və ingilis dilində verilmişdir)

Problemlər həll edildikcə yeni problemlər meydana çıxır və bu da insan təbiətinin sönməyən tədqiqat marağından irəli gəlir. Problemlər yığıldıqca vaxtaşırı bu problemləri toplamaq, onların məğzini araşdırmaq və bununla elmin gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac duyulur.
Təqdim edilən bu kitabda XX əsrin sonu XXI əsrin əvvəllərində geologiya elmindəki mövcud müasir problemlər nəzərdən keçirilir. Kitabda Yerin əmələgəlməsi, daxili quruluşu, qitələrin yaranması, Yerdəki həyatın mənşəi, Dünya okeanının mənşəi və yaşı, stratiqrafiya, litologiya və paleontologiyanın müasir problemləri, üzvi aləmin qlobal qırılmaları və yeniləşmələri və onların kosmik və ya Yerdəki səbəbləri, geodinamikanın müasir problemləri, dərinlik proseslərinin enerji mənbələri, maqmatik süxurların əsas tiplərinin mənşəi problemi, metamorfizm haqqında təlimin müasir problemləri, dəniz geologiyasının müasir problemləri, mineral xammal kompleksinin müasir ekoloji problemləri və s. nəzərdən keçirilir.
Müəllifin fikrinə görə bu problemlərlə tanışlıq gənc nəslimizin geologiya elminə marağını daha da artırar və bu da son nəticədə ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəlməsinə səbəb olar.
Kitabdan tələbələr, bakalavrlar, magistrlər, doktorantlar, istehsalatda işləyən geoloqlar və elmi işçilər faydalana bilərlər.