Ana Səhifə / Haqqımızda / Geologiya

Geologiya

Stratiqrafiya

Stratiqrafiya

 © Ş.Ə.Babayev

 
Geologiya İnstitutunda fanerozoy və qismən kembriyə qədər çöküntülərin stratiqrafiyasına həsr olunmuş tədqiqatlar aparılmışdır.
 
Azərbaycanın ən qədim çöküntüləri Ordubad rayonunun Araz zonasında Aşağı -kembri – ediakar (venda) metomorfik kompleksilə təmsil olunmuşdur.
 
Burada fauna ilə səciyyələnən ən qədim çöküntülər devon dövrünə aiddir. Onlar zəngin terrigen süxurlu fauna ilə ifadə olunmuşdur. Yuxarıda qalınlığı 250 m-dək olan alt karbon çöküntüləri və qalınlığı 900m-dək çatan perm əhəngdaşları yerləşmişdir.
 
Trias çöküntüləri aşağıda karbonat, yuxarıda isə terrigen əmələ gəlmələrlə təmsil olunmuşdur. Alt Yura çöküntüləri terrigenli süxurlardan ibarətdir. Vulkan materialları ilə qarışıq onlar Böyük Qafqazda (2800m), Kiçik Qafqazda (580 m)  və Araz zonasında (270 m) yayılmışdır.
 
Azərbaycanda Orta Yura çöküntüləri geniş inkişaf etmişdir. Onlar terrigen karbonat fasiyalarda Araz zonasında, (350m) Böyük Qafqazda terrigen fasiyalar, (≈3000 m) Kiçik Qafqazda (≈4300 m) püskürülmüş -piroklastik--terrigen fasiyada və 3000m-dək Kür zonasında vulkanogen fasiyada inkişaf etmişdir.
 
Araz zonasında Üst Yurada çöküntülər iştirak etmir. Böyük Qafqazda onlar karbonatlı terrigen fasiyada (1300 m-dək), Kür zonasında karbonat fasiya (374 m), Kiçik Qafqazda isə vulkanogenli–terrigen-karbonat fasiya (1300 m-dək) yayılmışdır.
 
Ümumi qalınlığı 2240 m-dək olan alt təbaşir çöküntüləri Böyük Qafqazda  zəngin faunalı terrigen, terrigen-karbonat və karbonat fasiyalarında təmsil olunmuşdur.

Kiçik Qafqazda alt təbaşir çöküntüləri geniş yayılaraq ümumi qalınlığı 1700 m olan terrigen-karbonat, karbonat və vulkanogen-karbonat fasiyalarında ifadə edilmişdir.
 
Böyük Qafqazda üst təbaşir çöküntüləri ammonitlər, belemnitlər, foraminiflər və b. ibarət zəngin faunalı terrigen-karbonatlı fasiyalarla təmsil edilmişdir. Onların qalınlığı 1190 m-dək çatır.
 
Kiçik Qafqazdakı üst təbaşir, terrigen, terrigen karbonat, karbonat və vulkanogen karbonat fasiyalarında zəngin ammonitlər, belemnitlər, ikitaylılar, qastropodlar, foraminiferlərin fauna çöküntüləri ilə ifadə olunmuşdur. Bu çöküntülərin ümumi qalınlığı 2700 m-dək çatır.
 
Kür depressiyasında üst təbaşir çöküntüləri (santon maastrixt) quyularda açılmış ümumi qalınlığı 825 m-dək olan vulkanogen və terrigen-karbonat fasiyalarda yayılmışdır.
 
Ümumi qalınlığı 1120 m olan üst təbaşir çöküntüləri çöküntülü litofasiyalarda və s. zəngin faunalı litofasiyalarda qismən kontinental, vulkanogen-çökmə, normal dənizli  Araz zonasında təqdim edilmişdir.
 
Böyük Qafqazdakı paleogen çöküntüləri ümumi qalınlığı 1900 m-dək olan terrigen karbonatlı fasiyalarda inkişaf etmişdir. Onlar mikrofauna ilə səciyyəvidir.

Orta Kür çökəkliyində paliogen çöküntüləri əsasən ümumi qalınlığı 2860 m olan terrigen karbonat litofasiya yayılmışdır. Onlarda, nanoplankton, xırda və iri foraminiferlər tək-tək molyusklar yayılmışdır.
 
Kiçik Qafqazın paleogen çöküntüləri ümumi qalınlığı 5200 m olan terrigen -karbonat və vulkanogen fasiyalarla təmsil edilmişdir. Bu çöküntülərdə   nanoplankton, xırda və iri foraminifer və molyuskların zəngin faunası yayılmışdır.
 
Araz zonasında paleogen çöküntüləri, ümumi qalınlığı 5100 m-dək olan vulkanogen- çökmə və terrigen –karbonat fasiyalardadır. Burada paleosen-eosen çöküntülərdə zəngin fauna inkişaf edir, molyuskalar, iri-xırda foraminiferlər, mərcan tikililəri , dəniz kirpilərinə və s. rast gəlinir.
 
Talışda qalınlığı 7 km-dək olan paleogen çöküntüləri vulkanogen-terrigen fasiyalarda yayılmışdır. Bu çöküntülərdə bitki qalıqları, molyusklar, iri və xırda  foraminiferlərə rast gəlinir.
 
Böyük Qafqazın miosen çöküntüləri terrigen –karbonat litofasiyalarda təmsil olunmuşdur. Onların ümumi qalınlığı 3-4 km-ə çatır. Miosen çöküntülərində molyusklara foraminiferlərə, ostrakodlara , balıq qalıqlarına və s. rast gəlinir.
 
Orta Kür çökəkliyində miosen çöküntüləri ümumi qalınlığı 2600 m-dək olan terrigen-karbonat litofasiyalarında yayılmışdır. Onlarda molyusklar, foraminiferlər, ostrakodlar və b. fauna qeyd edilir.
 
Kiçik Qafqazın miosen çöküntüləri məhdud ərazilərdə aşkar edilib. Onlar terrigen litofasiyalarda təmsil edilərək ,ümumi qalınlıqları 500 m-dən çoxdur. Onlar foraminiferlərlə, molyusklarla xarakterizə olunur.
 
Araz zonasında miosen çöküntüləri vulkanogen-terrigen-karbonat litofasiyalarda yayılaraq, ümumi qalınlıqları 2100 m-dək çatır. Burda molyusklar, foraminiferlər və astrakodlar qeyd edilir.
 
Talışda miosen çöküntülərini ümumi qalınlığı 1780 m olaraq terrigen-karbonat litofasiyalarında yayılmışdır. Onlarda molyusklar, foraminiferlər və ostrakod faunası qeyd olunur.
 
Azərbaycanda (üst pliosen) aqçaqıl regiomərtəbəsi və (alt pliosen) məhsuldar qatı pliosenə aiddir.
  
Azərbaycanın əsas neft-qaz yataqları Məhsuldar qatla əlaqədardır. Məhsuldar qatın çöküntüləri 6000-6500 m olmaqla qalınlığa malikdir və əsas gil-qumdaşı litofasiyalarda geniş sahələrdə inkişaf etmişdir. Əsasən bu çöküntülərdə (qatın üst hissəsində) şirinsu molyusklarının tək-tək nümayəndələri, üçüncü-dövr-təbaşir saxlanılmış foraminiferlərinin yenidən çökdürülmüş nümayəndələri yayılmışdır.
  
Azərbaycan ərazisində Aqçaqıl çöküntüləri geniş yayılmışdır və onlar vulkanik gil təbəqələri, qumdaşı-gilli və karbonat litofasiyalarında ifadə olunmuşdur. Böyük Qafqazda onların qalınlığı 850 m-dək, Orta Kür çökəkliyində 940 m-dək, Kiçik Qafqazda isə 600 m-dək çatır. Aqçaqıl çöküntülərində zəngin ostrakodlar, foraminiferlər, molyusklar və s. fauna inkişaf etmişdir.
 
Araz sahəsində qalınlığı 600-900 m olan Biçənək, effuziv qatı pliosenə aiddir.
 
Dördüncü dövr çöküntülərinə, Abşeron törəmələri də aid edilir.
 
Böyük Qafqazda Abşeron çöküntülərinin qalınlığı 1430 m-dək olan terrigen – karbonat litofatsiyalarında yayılmışdır. Onlar ostrakod, foraminifer və molyusk faunası ilə səciyyəvidir. Burada xüsusi pleosen və pleystosen-törəmələrinin qalınlığı 900 m-ə çataraq, həmin fasiyalarda təqdim olunur.
 
Kür depressiyasında Abşeronun qalınlığı 1000-2000 m-dək, lakin pleystosen və holosenin ki isə 1400m-dək çatır.
  
Kiçik Qafqazda dördüncü dövr törəmələri 250-300 m qalınlıqlı kontinental fasiyalarda ifadə olunur.
Hidrogeologiya

Hidrogeologiya

© İsrafilov Y.H.
 
Azərbaycanın yeraltı suları

 
Azərbaycan Respublikasının ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz dağlıq qırışıq zonaları və Kür-Araz ovalığı hüdudlarında hidrogeoloji rayonlaşmaya görə məsaməli-çatlı, məsamə-laylı və çat sulardan ibarət 18 hidrogeoloji hövzəyə ayrılır.
 
 
Dağlıq zonaların yeraltı suları daşkömür dövründən dördüncü dövr yaşlı çöküntülərə aid edilir. Onlar əsasən aşınma və tektonik pozulma zonaları ilə əlaqədardırlar.


Pazlaşma nəticəsində az dərinlikli sirkulyasiyalı sulu təbəqədən səthə çıxan bulaqlar adətən enən olub, dərə və yarğanların yamaclarında onların sərfi 5-10 l/s-yə qədərdir. Böyük sərfə malik (60-100 l/s qədər) olan bulaqlar isə karstlaşmış əhəng daşı sahələri ilə əlaqədardır. Dağlıq zonada daha çox təsərrüfat əhəmiyyətinə malik olan yeraltı sular, çay yatağı və məcranı təşkil edən allüvial çöküntülərdə təmərküzləşib. Məcraaltı suların ən çox sərfi 40-60 min m3/sutkadır.
 
 
Şirin su yataqlarının əksəri respublika çaylarının gətirmə konusları sayəsində formalaşan dağətəyi düzənliklərdə yerləşir. Dağlıq vilayətdən böyük həcmdə çıxarılam kontinental mənşəli kütlə müəyyən qanunauyğunluqla dağətəyi ərazidə toplanır. Gətirmə konuslarının başlanğıc hissəsinin şaquli kəsilişində gillicəli-gilli çöküntülər praktiki olaraq müşahidə olunmasa da, konusun orta hissəsində onlar artıq müşahidə olunur və axın istiqamətində artaraq konusun periferiyasında və kənarlara doğru kəsilişin təxminən 70-90%-ni təşkil edirlər. Gətirmə konuslarının yeraltı axın istiqamətində olan kəsilişlərinin quruluşu “daraqvari” adlanır. Bele quruluş qrunt və təzyiqli su horizontlarının formalaşmasında əhəmiyyətli rol oynayır. Gətirmə konusunun orta hissəsində yerləşən gillicəli-gilli laylar vahid (bütöv olan) yeraltı axını qrunt və adətən 3-4 təzyiqli sulu horizontlara ayırır. Kontinental mənşəli materialların yeraltı axının eninə kəsilişində xaotik paylanması sulu horizontların və onları ayıran zəif su keçirən layların bütövlüyünü pozur və horizontlar arasında çoxsaylı “litoloji pəncərələr” əmələ gətirir. Bele halda bütün su horizontları arasında sıx hidravlik əlaqələr əmələ gəlir.
 
 
Dağətəyi düzənliklərin şirin və az şorluqlu (3,0 q/l) yeraltı su yataqlarının istismar ehtiyatları A1, B1, C1 və C2 kateqoriyaları üzrə təsdiq edilmişdir. Respublikamızda şirin və az şorluqlu yeraltı su yataqlarının bütün kateqoriyalar üzrə istismar ehtiyatları 14068,44 min m3/sutkadır.
 
 
Azərbaycan ərazisi yeraltı mineral sularla zəngindir. Təxminən 1000-dən artıq mineral su çıxışları qeydə alınıb. Bunların böyük əksəriyyətini təbii bulaqlar təşkil edir. Müxtəlif dərinliklərdə yerləşən mineral sular həm də qazma quyuları ilə səthə çıxarılır.
 
 
Çoxsaylı bulaq və qazma quyuları ilə səthə çıxan termal sular əsasən mezo-kaynozoy çöküntülərinin sulu komplekslərinə aid edilir. Dağlıq zona sahəsindəki mineral və termal sular isə tektonik yarıqlar üzrə təzahür edir. Onlar dağlıq rayonların çatlı sistemlərində, dərin tektonik yarıqlarda və qırışıq dağ sistemlərində formalaşaraq müxtəlif yaşlı çatlı və çatlı-damarlı süxurlara aid edilir.
 
 
Bu suların fiziki parametləri və qaz tərkibi onların müalicəvi xüsusiyyətlərini, müalicə-içməli su və istilik enerji mənbəyi kimi sənaye və sanitar-kurort sahəsində imkanlarını müəyyənləşdirir. Respublikada karbonqazlı, yodlu-bromlu, hidrogensulu, radonlu, dəmirli, arsenli, silisiumlu müalicə və süfrə mineral suları mövcuddur.


Azərbaycanda sənaye sularına tərkibindəki yod, bor və bromun miqdarı sənayeyə lazımı qatılıqda olan yeraltı sular aid edilir. Bele sular əsasən Abşeronda Muğan-Salyan düzənliyində, Neftçala və Salyan rayonları ərazisində yayılmışlar. Qazma quyuları ilə 2500-3000 m dərinliklərdə minerallaşma dərəcəsi 10-203 q/l olan yeraltı sular aşkarlanmışdır. Onlardakı yodun miqdarı 30-46 mq/l, brom isə 225-345 mq/l-dir.  
Yerin fizikası

Yerin fizikası


 © İsayeva Mənijə
 
Geologiya İnstitutunda fizikanın fundamental və tətbiqi problemləri üzrə bütün istiqamətlərdə geofiziki tədqiqatlar aparılır.
 
 
Bu problemlərdən ən vacibi, qravimetrik üsullarla , geomaqnetizm və palemaqnetizmin öyrənilməsi, seysmologiyanın, geotermiki və radiometrik yüksək termodinamik şəraitində dağ süxurlarının fiziki xüsusiyyətlərinin tədqiqi-bu litosferanın quruluşu və onunla əlaqəli adekvat modelləri geofiziki mühitin diskretli ierarxiyalı və qabıq tipli plitə tektonikası, karbohidrogenlərin formalaşması və sıx örtülmüş faydalı qazıntılar və başqa problemlərdir.
 
 
Azərbaycanın tam üfüqi qradiyentinin maksimum bölgüsü, iki geoloji mühitin əlaqəsinin yeni sərhədlərinin aşkar edilməsi və əvvəl aşkar olunmuş sərhədlərin olduğu yerinin müəyyən edilməsinə imkan yaradır. Kölgəli relyef xəritəsinə əsasən sahələrin tam üfüqi qradiyentli Azərbaycanın qravitasiya bölgüsü, Azərbaycanda kəsilişlərin yerləşdirilməsi planı müəyyən edilmişdir.
 
 
Azərbaycanda keçirilən maqnit sahələrinin tədqiqatı, hansı ki geologiya və geofizikanın müxtəlif aspektlərini əhatə edən, həmçinin stratiqrafiya, geoxronologiya, tektonika sahəsi, maqnetli mineralogiya, geomaqnetizm, geoloji çəkilişlər və elmi aspektlərin geoloji xəritələri, faydalı qazıntı yataqlarının maqnit kriteriyaları, bölgənin dərinlik quruluşunun öyrənilməsi və s.
 
 
Maqnit sahələrinin analizi və sistematizasiyası Azərbaycanda ilk dəfə olaraq fanerozoy dövrünün dayaq maqnitstratiqrafik şkalasını tərtib etməyə imkan verir, 150-dən artıq geoloji kəsiklərin öyrənilməsi çökmə qatların stratiqrafiyasının əsasını, yaşa görə ayrılmasını, kontinental və dəniz çöküntülərinin stratiqrafik sərhədlərinin əsaslandırılması və korrelyasiyasından ibarətdir.
 
 
Alınan məlumatlar əsasında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsində müxtəlif geostrukturlu dinamikasının kinematik parametrləri təyin edilmiş, əsas plitələrin vəziyyətinin palinspastik rekonstruksiyası və onların həm hüdud ərazilərinin məlumatları ilə müqayisəsi aparılmışdır. Paleomaqnit qütblərinin koordinatları üzrə Qafqaz seqmentinin Mezo-kaynozoy süxurları üçün tektonik üfüqi hərəkətlərin miqyası təyin olunmuşdur. Müxtəlif illərdə mərkəzi dünya məlumatları MDM-ı materiallarında dərc olunmuş paleomaqnit qütblərinin koordinatları ayrıca stratiqrafik vahid üçün hesablanmışdır.
 
 
Dağ süxurlarının fiziki xüsusiyyətlərinin Laboratoriya şəraitində yüksək təzyiq və temperatur da öyrənilməsi yerin təkində mövcud olan təbiiliyə yaxınlaşaraq nəzarətdə olan geofiziki sahə özünün son məqsədini və real mühitin petrofiziki kəsilişlərinin tərkibini izah etməyə malikdir.
 
 
Regional seysmik kəsilişlərin geoloji-geofiziki dərin petrofiziki modelləri RT-parametrlərindən elastik dalğanın surətindən asılılığı dalğanın uzanma surəti və möhkəmliyi ilə əlaqəsi petrofiziki məlumatlar əsasında tərtib olunmuşdur. Petrofiziki və V2 böyük kəsikli modelin quruluşunda RT şərti düzülüşü korrelyasiya asılılığında xüsusi əhəmiyyətə malikdir.
 
 
Deformasiya xüsusiyyətli dağ süxurlarının analizlərinin nəticələri dağ süxurları massivində sahənin gərginliyinin qiymətləndirilməsinə imkan verir. Bu qanunauyğunluq dağ süxurlarının xüsusiyyətlərini unutmamaq keçmiş geoloji yükdə onun fəaliyyətinə əsaslanır. Tədqiqatlar göstərir ki, süxurlar müəyyən qanunauyğunluqlar üzrə deformasiya olunur; bütün prosesləri ayrı-ayrı sahələrə bölünür: Elastiki deformasiya, elastik-plastikli deformasiya, deformasiya, dönməz deformasiya. Geoloji keçmişdə yaşamış süxurlar üçün maksimal yükə görə birinci sahədən ikinciyə keçid nöqtəsinə uyğun təzyiq qəbul olunur.
 
 
Geotermiya sahəsində Azərbaycanın geotermik hidrotermik xəritəsinin yaradılması geo-elmi nailiyyətlərdən biridir.
 
 
Elmi tədqiqatların əsas istiqamətləri: məkan akvatoriyasında və quruda zaman və məkan paylanmasının tədqiqi, Palçıq vulkanlarının istilik sahələrinin tədqiqi, hövzələrin təkamülünün termal modelləşməsi, geotermik ölçü cihazlarının işlənilməsidir.
 
 
Geoloji mühitin qamma spektrometrik sahəsində əsas istiqamətləri : inteqral radioaktivliyinə və dağ süxurlarının radionuklid tərkibinin, su, torpaq, hava dib çöküntüləri və s. tədqiqi; radioaktivliyin fonunda müxtəlif litoloji–stratiqrafik komplekslərdə radioaktiv elementlərin miqdarının müəyyən edilməsi və radiostratiqrafiya üsullarının işlənilməsi; seysmikliklə geodinamik proseslərlə, neftqazlılıqla əlaqədar radioaktiv sahələrin öyrənilməsi, monitorinq sisteminin yaradılması və palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi, urbanizə olunmuş ərazilərdə radon potensialının öyrənilməsidir.
Faydalı qazıntılar

Faydalı qazıntılar

 © H.V. Mustafayev

 

Azərbaycan ərazisinin cox hissəsi tektono-maqmatik inkişafın alp tsiklinin maqmatik kompleksləri və çökmə süxurları ilə təmsil olunmuşdur və alp qırışıqlıq sisteminin Aralıq dənizi vilayətinə daxildir.
 
 
Baykal tsiklinin kristallik şistlərdən, fillitlərdən, mərmərlərdən və digər metomorfik süxurlardan, həmçinin qranitoidlərdən ibarət olan, kristallik fundamenti təşkil edən ən qədim yaşlı süxurları Kiçik Qafqazın müxtəlif strukturlarında kiçik “pəncərələr” kimi təzahül edir. Çıxışlarının məhdudluğu onların metallogenik əhəmiyyətinin düzgün proqnozlaşdırılmasına imkan vermir.
 
 
Herstin tsikli üçün bütün struktur mərtəbələrdə və yaş intervallarında çökmə süxurların üstünlüyü səciyyəvidir. Maqmatik süxurlar qalınlığı 0,5-3,0 m olan layvarı diabaz intruziyaları ilə təmsil olunmuşlar. Bu çöküntülər içərisində stratiform tipli qurğuşun-sink yatağı yerləşir, lakin herstin tsikli çöküntülərinin məhdud miqyasda yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün potensial ehtiyatları tam qiymətləndirilməmişdir.
 
 
Metal və qeyri-metal yataqlarının genetik tiplərinin ən çox təzahür edən müxtəlifliyi tektono-maqmatik inkişafın alp tsikli üçün səciyyəvidir.
 
 
Azərbaycanın ərazisi Böyük və Kiçik Qafqaz regionlarına və onları bir-birindən ayıran dağarası Kür çökəkliyinə, Talış qırışıqlıq strukturuna, Naxçıvan zonasına və Qusar-Dəvəçi kənar çökəyinə bölünür. Böyük Qafqaz Azərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə keçən cənub yamacı ilə təmsil olunur. Böyük Qafqazın cənub yamacında ümumi qalınlığı müxtəlif müəlliflərə görə 6-10 km olan çökmə süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar Böyük Qafqazın dayka qurşağını əmələ gətirən qabbro-diabazların, qabbro-dioritlərin, dioritlərin layvarı intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta və az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik baxımdan bu region mis-pirrotin və kolçedan-polimetal yataqlarının geniş yayılması ilə xarakterizə olunur. Filizçay, Katsdağ, Katex, Cicix-Saqator və b. yataqlar kompleks tərkibli filiz cisimləri ilə təmsil olunaraq, filizlərin texnoloji emalı prosesində əsas filiz əmələ gətirən elementlərlə birlikdə çıxarılmasının mümkünlüyü baxımından diqqəti cəlb edən miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və b.) saxlayırlar.
 
 
Yataqların zəngin ehtiyatları bu regionu müstəqil metallogenik əyalətə və gələcək metallurgiya sənayesinin etibarlı mineral-xammal bazasına çevirmişdir.
 
 
Kiçik Qafqaz geodinamik şəraitlərin müxtəlifliyi ilə səciyyələnir. Onun şimal-şərqm hissəsi mezozoyda təməli Zaqafqaziya aralıq massivinin Baykal bünövrəsi üzərinə qoyulmuş adalar qövsünün inkişaf rejimi ilə səciyyələnir. Burada, Böyük Qafqazdan fərqli olaraq, maqmatik süxurlar üstünlük təşkil edir. İntensiv maqmatizm Kiçik Qafqazın  hüdudları daxilində dördüncü düvrədək təzahür etmişdir. Maqmatik süxurlar müxtəlif petrokimyəvi və petroqrafik tiplərə bölünür. Buna uyğun olaraq maqmatizmlə əlaqədar formalaşan yataqların genetik tipləri də daha çox müxtəlifdir. Belə ki, Böyük Qafqazın cənub yamacında kolçedan formasiyasının qurğuşun, sink və mis yataqları əmələ gəlmiş, Kiçik Qafqazda isə bunlardan əlavə həm də başqa kolçedan, skarn, hidrotermal, vulkanogen-çökmə və digər genetik tipli dəmir, qızıl, molibden, kobalt, alunit yataqları, həmçinin seolit, bentonit və b. qeyri-filiz faydalı qazıntıların yataqları da formalaşmışdır.
 
 
Böyük və Kişik Qafqazı bir-birindən ayıran dağarası Kür çökəkliyinin əsasən şərq hissəsi Xəzərin şelf zonasının lap içərilərinə qədər izlənilən iri neft və qaz yataqlarının olması ilə xarakterizə edilir. Lakin çökəkliyin qalın çökmə çexolu metal yataqlarının axtarışı baxımından hələ ki tədqiq olunmamışdır. Kiçik Qafqaz adalar qövsündən cənub-qərbdə ofiolit zonası uzanır. Metallogenik baxımdan bu zona dunitlərlə əlaqədar olan çoxsaylı xromit filizi təzahürlərinin, həmçinin civə və qızıl yataqlarının olması ilə səciyyələnir. Tədqiqatçıların, xüsusilə qızıl filizi yataqlarıda, metalların mənbəyi haqqındakı fikirləri bir-birindən kəskin sürətdə fərqlənir. Kiçik Qafqazın ofiolit kompleksinin inkişaf tapdığı riftogen zonası cənub-qərbdə Önqafqaz aralıq massivi ilə cənubdan onun üzərinə sürüşərək gələn İran plitəsinin kolliziya zonası ilə əvəz olunur. Paleozoy fundamenti üzərində paleogen-neogen çöküntülərindən təşkil olunmuş, ehtiyatlı milyard tonlarla olan nəhəng daş duz yataqlarının mövcudluğu ilə seçilən Naxçıvan çökəkliyi yatır.
 
 
Təbaşir-paleogen yaşlı çökmə, vulkanogen-çökmə süxurların və nadir hallarda rast gələn maqmatitlərin yayıldığı Talış strukturunda yataqlar aşkar olunmamışdır. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı – Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən alüminium oksidi almaq üçün Leninqradın (hazırkı Sankt-Peterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxem işlənib-hazırlanmış, Kirovabad (hazırkı Gəncə) Sumqayıt alüminium zavodları tikilmişdir.
 
 
Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və qalıq ehtiyatlar təxminən 90 ilə çatar (Zamanov, 1998). Böyük Qafqazın Balakən-Zaqatala rayonlarıdakı əlvan metalların (qurğuşun, sink, mis) mövcud xammal bazası əsasında respublikada daha bir metallurgiya mərkəzinin təşkil olunması barədə dəfələrlə məsələ qaldırılmışdır. Azərbaycanın bir sıra qızıl filizi yataqlarının istismarı üçün xarici firma ilə uzunmüddətli kontrakt bağlanmışdır. Sodanın və s. istehsalı üçün demək olar ki, bütün Avropanın tələbatını ödəyə biləcək, milyard tonlarla ehtiyata malik olan daş duz və yüksək keyfiyyətli əhəngdaşları haqqında məlumatlar mətbuata və yarımrəsmi dairələrdə dəfələrlə qeyd olunmuşdur. Respublikada dünya bazarına çıxarıla bilən yüksək keyfiyyətli seolit və bentonit yataqları vardır. 
 
 
Azərbaycan ərazisinin geologiyasının yüksək dərəcədə öyrənilməsi nəinki region üçün ənənəvi olan məlum metal yataqlarının ehtiyatlarının genişləndirilməsinə, həm də yeni genetik tipli filiz obyektlərinin və yeni metal yataqlarının perspektivliyi araşdırmaga imkan verir. Bu sıraya gümüş və stronsium obyektləri ilə yanaşı açılma perspektivliyi yüksək olan yeni genetik tipli volfram filizləşməsi də aiddir ki, onların da tapılması Azərbaycanın mineral-xammal bazasını mühüm dərəcədə genişləndirəcək.