Ana Səhifə / Fəaliyyət / Palçıq vulkanlarının qravitasiya anomaliyaları və dinamikası (Lökbatan, Axtarma-Puta və Quşxana vulkanları timsalında)

Avtoreferatlar

Palçıq vulkanlarının qravitasiya anomaliyaları və dinamikası (Lökbatan, Axtarma-Puta və Quşxana vulkanları timsalında)

Məmmədov Samir Q.

(2005)

Dissertasiya işi Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanları zonasında qravitasiya anomaliyalarının fəza-zaman dəyişmələrinin və müasir vertikal hərəkətlərin öyrənilməsinə həsr edilmişdir.Qoyulmuş məqsədə çatmaq üçün seçilmiş vulkanların ərazisində yüksək dəqiqlikli qravimetrik və nivelirləmə işləri aparılmışdır, sıxlığın müxtəlif qiymətlərində qravitasiya sahəsinin  Buqe anomaliyası hesablanmış, Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanlarının kəsən  profilin  dərinlik quruluşunun qravitasiya modeli tərtib edilmiş və radiometrik ölçü nəticələri ilə korrelyasiya aparılmışdır.


Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanları ərazisində təkrar gravitasiya və nivelir ölçüləri  Geologiya institutunun geodinamik ekspedisiyası tərəfindən oktyabr 2001 və avqust 2004-cü il tarixləri arasında müəllifin bilavasitə iştirakı ilə aparılmışdır.

Aparılmış tədqiqatlar əsasında aşağıdakı nəticələr alınmışdır:
  • Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanları üzərində relyefin formasından və Buqe anomaliyası hesablanan sıxlığın qiymətindən asılı olmayan mənfi  qravitasiya anomaliyaları  müşahidə olunur;
  • Sıxlığın s=2q/sm3 qiymətində Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanları üzərində uyğun  olaraq -5,-3,-2 mQal qiymətlərində anomaliyaların olduğu aşkar edilmişdir;
  • Palçıq vulkanlarının  qravitasiya anomaliyalarının  intensivliyinin  vulkanın aktivliyindən asılı olduğu aşkar edilmişdir: daha çox püskürən vulkanda (Lökbatan) intensivlik böyük, aktiv olmayan vulkanlarda isə (Quşxana) minimaldir;
  • Qravitasiya modelinin köməyi ilə göstərilmişdir ki, Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanları altında sıxlığı azalmış zonalar vardır;
  • Lökbatan vulkanının səthi  25 oktyabr 2001-ci il püskürməsindən sonra 2002-ci ilin iyul ayına qədərki dövrdə qalxmağa başlamış (667mm), iyul 2002-oktyabr 2002-ci il tarixləri arasında isə enmə müşahidə edilmişdir (106mm). Həm də yer səthi hərəkətinin yüksək qradiyent zonasında suxurların xırdalanması və flüidlər axınının güclənməsindən asılı olaraq qamma  sahənin maksimal qiyməti müşahidə olunmuşdur;
  • Araşdırılan palçıq vulkanları ərazisində qravitasiya sahəsinin intensiv qabarmayan dəyişmələri müşahidə edilir;
  • Yer səthinin lokal hərəkətini izah etmək üçün vulkan konusundakı meylli təbəqələrdəki qravitasiya axınına bağlı ekzogen model təklif edilmişdir.