Ana Səhifə / Fəaliyyət / Geoloji-geofiziki materialların təhlili və ümumiləşdirilməsi əsasında Naxçıvan çökəkliyinin geoloji quruluşunun dəqiqləşdirilməsi və neft-qaztoplanmanın struktur-tektonik və litoloji şəraitləri

Avtoreferatlar

Geoloji-geofiziki materialların təhlili və ümumiləşdirilməsi əsasında Naxçıvan çökəkliyinin geoloji quruluşunun dəqiqləşdirilməsi və neft-qaztoplanmanın struktur-tektonik və litoloji şəraitləri

Rzayev Oktay Ələkbər oğlu

25.00.10 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
(2012)

Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji-geofiziki cəhətdən Azərbaycanın zəif öyrənilmiş və neft-qaz perspektivliyi aydınlaşdırılmamış regionlarından biridir. Bu ərazi coğrafi cəhətdən İran və Türkiyə kimi neftli-qazlı əyalətlərlə həmsərhəddir. Belə əlverişli mövqedə yerləşməsi və geoloji kəsilişində böyük qalınlığa malik olan Paleozoy və Mezokaynozoy çökmə süxurlarının iştirak etməsi bu bölgəni neft-qazlılığı güman olunan rayona aid etməyə imkan vermişdir.

Müxtəlif illərdə görkəmli alimlər Naxçıvan ərazisində, xüsusilə Naxçıvan çökəkliyində regionun geoloji quruluşu ilə yanaşı, neftlilik-qazlılığının da öyrənilməsinə maraq göstərmişlər. 1950-1955-ci illərdə regionun neftlilikqazlılıq cəhətdən perspektivliyini qiymətləndirmək məqsədilə geoloji tədqiqatların nəticəsi göstərmişdir ki, Oliqosen-Miosen yaşlı çöküntülər İranın cənubqərbində geniş yayılmış Əsmərə əhəngdaşlarının analoqudur və onlar kimi sənaye əhəmiyyətli neftli-qazlı ola bilərlər.

Miosen çöküntülərinin kəsilişini və onların neftlilik-qazlılığını öyrənmək məqsədilə həmin illərdə Böyükdüz və Şəkərabad sahəsində struktur-axtarış quyuları qazılmış və nəticədə Miosen çöküntülərinin tam kəsilişi açılmışdır. Böyükdüz sahəsində üç dərin axtarış quyusu qazılmış və hər üç quyu Maykop çöküntüləri altında Trias çöküntülərini açmışdır. Lakin bu quyuların kəsilişlərində neft-qaz süzməsi qeydə alınmamışdır.

Naxçıvan ərazisində geniş yayılmış Paleozoy çöküntüləri də neftlilikqazlılıq cəhətdən maraq doğurmuşdur. Burada Devonun neftli-qazlı olmasını öyrənmək üçün Dəhnə-Vəlidağ qalxımında istinad quyusu qazılmış, lakin bu quyu layihə dərinliyinə çatmamış və alt Devon çöküntülərində texniki səbəblərə görə ləğv edilmişdir. Nehrəm sahəsində isə qazılmış quyuda Eosen çöküntüləri altında böyük qalınlığa malik üst Təbaşir yaşlı vulkanogen süxurları aşkar olunmuşdur.

Bütün yuxarıda qeyd edilənlər Naxçıvan ərazisində aparılmış geoloji, dərin qazıma və geofiziki kəşfiyyat tədqiqatlarının qənaətbəxş olmadığını və bu işlərin davam etdirilməsinin lazım olduğunu göstərir. Bunun üçün isə indiyə qədər əldə edilmiş geoloji-geofiziki və quyu məlumatlarının kompleks şəkildə yenidən təhlili və ümumiləşdirilməsi və bunun əsasında gələcək axtarış-kəşfiyyat işlərinin istiqamətlərinin və mümkün perspektivli kəşfiyyat sahələrinin müəyyən edilməsi tələb olunur.

Son illərdə aparılmış geofiziki tədqiqatların və dərin qazımanın nəticələri müəyyən dərəcədə imkan verir ki, Naxçıvan ərazisinin neftlilikqazlılıq perspektivliyinin tədqiqi yenidən baxılsın. Aparılmış paleotektonik araşdırmalar nəticəsində də müəyyən edilmişdir ki, Muxtar Respublikanın Arazyanı tektonik zonasının geoloji quruluşunun və neft-qaztoplanmanın struktur-tektonik və litoloji şəraitləri mövcud geoloji-geofiziki məlumatların yenidən təhlili və ümumiləşdirilməsi əsasında öyrənilməsi aktualdır və məqsədə uyğundur.