Ana Səhifə / Fəaliyyət / Cənubi Xəzər hövzəsinin seysmikliyinin litosferin müxtəlif təbəqələri ilə əlaqəsinin tədqiqi

Avtoreferatlar

Cənubi Xəzər hövzəsinin seysmikliyinin litosferin müxtəlif təbəqələri ilə əlaqəsinin tədqiqi

Zamanova Aynur Hümmət qızı

2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Cənubi Xəzər hövzəsi (CXH) bütün perimetri boyu tez-tez baş verən zəlzələlərlə səciyyələnir. Ən güclü və dərin fokuslu zəlzələlər hövzənin şimal cinahında – Abşeron-Balxanyanı qırışıq zonasında və platformaönü sahədə baş vermişdir. Son illərə qədər onların mənşəyi dərinlik qırılmaları ilə əlaqələndirilirdi. 2000-ci illərə qədər hövzənin şimal cinahının dərinlik quruluşu haqqında dəqiq və inamlı seysmik məlumatların olmaması səbəbindən burada müşahidə edilən çox böyük mənfi qravitasiya anomaliyası və dərin fokuslu güclü zəlzələlərin mənşəyi mübahisəli idi. Halbuki, hər iki xüsusiyyət platformaya keçid zonasında iki müxtəlif mənşəli konsolidə olunmuş yer qabığının toqquşması və burada baş vermiş subduksiya hadisəsi haqqında birbaşa və etibarlı məlumat mənbəyi idilər. Zəlzələlərin mənşəyini dəqiqləşdirmək üçün keçid zonasında yer qabığının strukturunun seysmik məlumatlar əsasında təsbitinə ehtiyac vardı. Lakin, keçən əsrin 90-cı illərinə qədər Xəzərdə aparılan seysmik kəşfiyyat işləri 12-16 km dərinliyə qədər məlumat vermişdir.

Son iki onillikdə CXH-nin çöküntü örtüyünün, kristallik özülünün quruluşunu, inkişaf tarixini və neft-qazlılıqla əlaqəsini müəyyənləşdirmək məqsədilə geniş həcmdə seysmik, qravimetrik, geotermik, seysmotomaqrafik və s. üsullarla işlər aparılmışdır. Müasir geofiziki, xüsusilə seysmik tədqiqatlar hövzənin dərinlik quruluşu haqqında yeni və dəqiq məlumatların əldə edilməsinə imkan yaratmışdır. Buna səbəb seysmik üsulların yüksək ayrıcılıq qabiliyyəti və yerin daha dərin qatlarından alınan informasiyanın dəqiq və etibarlı olması ilə bağlıdır.

Yalnız son dövrlərdə regionda İfrat-dərin ümumi dərinlik nöqtəsi İD-ÜDN) metodunun tətbiqi ilə aparılmış seysmik tədqiqatlar nəticəsində CXH-nin çöküntü qatı, özül və mantiyanın üst hissəsi də daxil olmaqla litosferin 45-50 km dərinliklərə qədər geoloji-tektonik quruluşunu öyrənmək və dəqiqləşdirmək mümkün olmuşdur. Hövzənin özülünün okean tipli nazik qabığa malik olduğu və şimal istiqamətdə subduksiya etməsi İD-ÜDN vaxt kəsilişlərində və digər geofiziki modellərdə öz əksini tapmışdır. Bu yeni məlumatlar çökəkliyin litosferinin quruluşuna, regionun neftli-qazlılığına və zəlzələlərin mənşəyinin öyrənilməsinə yeni elmi baxış tələb edir. Bu səbəbdən zəlzələ ocaqlarının geoloji mühitdə paylanma qanunauyğunluqlarının regionun dərinlik quruluşu iləəlaqəsinin elmi-praktik əsaslandırmasının faktiki məlumatlar bazasında aparılmasına zərurət yaranmışdır.

Hal-hazırda qəbul edilmişdir ki, bütün dünyada baş verən zəlzələlərin əsas hissəsi müxtəlif litosfer bloklarının sərhədlərinə uyğun ensiz zonalarda müşahidə olunur. Zəlzələ episentrlərinin coğrafi paylanması, onların ocaq mexanizmləri haqqında məlumatlar bu tip zonaların dərinlik quruluşunun və burada baş verən tektonik, geodinamik proseslərin təcrübi cəhətdən əsaslandırılmasına xidmət edir. Xəzər dənizi o, cümlədən CXH karbohidrogen yataqlarının geniş yayıldığı, istismar edildiyi və onların daşınması üçün boru xətlərinin çəkildiyi bir ərazi olduğu üçün geodinamik proseslərin təsirinə məruz qalma riski çox böyükdür. Bu baxımdan regionda gedən geodinamik proseslərin yer qabığının geoloji quruluşu ilə əlaqəsinin öyrənilməsi daim aktual problem olaraq qalır.