Ana Səhifə / Haqqımızda / Şöbələr / Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi

Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi

Şöbə rəhbəri: AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Feyzullayev Əkbər Əkbər oğlu

Telefon: (+99412) 5101163
Faks: (+99412) 5372285
E-mail: fakper@gmail.com

Əsas fəaliyyət istiqamətləri:

  • üzvi maddənin, neftin və qazın geologiyası və geokimyası;
  • palçıq vulkanizmi;
  • çökmə hövzələrinin flüid dinamikası;
  • hövzə modelləşdirilməsi;
  • neftin və qazın geoloji-geokimyəvi axtarış meyarlarının işlənilməsi;
  • geoekologiya.


Şöbənin əsas elmi nəticələri:

Cənubi Xəzər hövzəsinin (CXH) neft sistemlərinin oyrənilməsində:
Cənubi Xəzər hövzəsində (CXH) quyu kernləri və yer üzərində təbii çıxışlardan götürülmüş süxurların üzvi maddəsinin (ÜM) və eləcə də karbohidrogen flüidlərinin böyük həcmdə kompleks müasir tədqiqatları (süxurların pirolizi, mass-spektrometrik və xromatomass-spektrometrik analizlər, vitrinitin əksetdirmə qabiliyyəti və s.), süxur-süxur, neft-süxur və neft-neft korrelyasiyası həyata keçirilmişdir və bunların nəticəsində:

  • Müəyyən edilmişdir ki, CXH-nin inkişaf tarixi və müasir geoloji mövqeyi, burada bu günə kimi baş verən tektonik hərəkətlər, aktiv konvektiv flüid axınları və faza keçidləri onun çökmə qatının flüid-süxur sisteminin qeyri-sabitliyinə gətirib çıxarır. Bununla əlaqədar olaraq, CXH ümümilikdə qeyri-taraz, metastabil hövzə kimi qiymətləndirilmişdir ki, bu da modelləşdirmədə və karbohidrogen (KH) yığımlarının axtarışında yeni yanaşmaların istifadəsinin zəruri olduğunu əsaslandırır.
  • Tədqiq olunan maykop süxurlarının bəzi təbii çıxışlarında (Xilmilli, Gozluçay, Anqexaran) ÜM-in karbonunun izotop tərkibinin (KİT) və başqa geokimyəvi parametrlərin qiymətlərinin geniş diapazonda və müəyyən dövriliklə (təxminən 1,2 mln il dövrlə) dəyişməsi aşkar edilmişdir və bu da onların maykop paleohövzəsinin sahil xətlərinin nisbi yaxınlığında olması ilə izah olunur. Bunun nəticəsi kimi ÜM qarışıq kontinental-dəniz tiplidir.
  • Neogen və paleogen-mezozoy çöküntülərinin tərkibində olan ÜM-in KİT-yə görə açıq-aydın fərqlənməsi aşkar edilmişdir. Neogen çöküntülərinin ÜM-i paleogen-mezozoy çöküntüləri ilə müqayisədə nisbətən ağır KİT ilə xarakterizə olunur; analoji mənzərə CXH-nin müxtəlif yaşlı rezervuar neftlərinin KİT-nin dəyişməsində də müşahidə olunur. Bu fakt dunyanın başqa hövzələrində də rast gəlindiyinə görə onun qlobal xarakter daşıdığını göstərir.
  • Böyük Qafqazın və Talışın oliqosen gillərinin ÜM-nin kəmiyyət və keyfiyyət xassələrinə, onun yetkinliyinə, inteqral radioaktivliyinin dərəcəsinə və radioaktiv elementlərin spektral tərkibinə görə fərqli olduğu müəyyən edilmişdir. Buna əsaslanaraq Talışətəyi çökmə zonasının və ona bitişik Xəzər akvatoriyasının aşağı perspektivliyi haqqında nəticəyə gəlinmişdir.
  • CXH-nin dərinə batmış hissəsinə doğru neogen süxurlarının neftin əmələgəlmə prosesində rolunun artması aşkar edilmişdir. Eyni zamanda, maykop çöküntüləri hövzənin bu hissəsində əsasən yüngül neft-kondensat və qaz əmələ gətirərək burada qaz-kondensat-neft və qaz-kondensat yataqlarının (Cənub, Bahar, Bulla-dəniz, Şahdəniz, Ümid, Abşeron) formalaşmasına səbəb olmuşdur.
  • CXH-də KH-nin geniş dərinlik intervalında (neftlərin 5-9 km, qazların 7-15 km) generasiyası müəyyən edilmişdir. KH qazları biokimyəvi və termokatalitik metanın qarısığından ibarətdir.
  • CXH MQ-də yataqların əmələ gəlməsində neftin ilkin və törəmə miqrasiyasının mexanizmi araşdırılmış, yataqların formalaşmasının subvertikal miqrasiyanın iki əsas fazası nəticəsində baş verməsi sübuta yetirilmiş və ilk dəfə neftin və qazın subvertikal miqrasiyasının məsafəsi kəmiyyətcə qiymətləndirilmişdir (müvafiq olaraq 3-4 km və 7-8 km).
  • Hövzənin çökmə qatında anomal təzyiqlərin yayılması, mənşəyi və proqnozu istiqamətində geniş tədqiqatlar aparılmış və yeni elmi nəticələr alınmışdır.
  • Günəşli yatağının timsalında hövzənin strukturlarını KH ilə qidalandıran subvertikal migrasiya ocaqlarının mövcüdluğu aşkar olunmuş və MQ-də neftlərin epigenetik mənşəyi təsdiq edilmişdir.
  • Hövzə təhlilinin və burada baş verən neft və qazın əmələgəlmə proseslərinin, miqrasiyasının, onların yığımlarının formalaşması və saxlanılmasının, eləcə də anomal flüid təzyiqlərinin dəyişmə qanunauyğunluğuna əsaslanaraq CXH-nin məkan qeyri-bircinsliliyi sübuta yetirilmişdir.
  • CXH-də neft və qaz yataqlarının formalaşmasının və fəzada paylanmasının subduksiya geodinamik modelinin mümkünlüyü sübut edilmişdir.
  • Böyük dərinliklərdə KH-nin faza vəziyyətinin və neft-qazlılığının proqnozu verilmiş, onların geokimyəvi və geofiziki metodlar ilə diaqnostika imkanlarına baxılmışdır.
  • Po çayının hövzəsi (İtaliya) və CXH-nin neft sistemləri və palçıq vulkanizminin müqayisəli təhlili əsasında onların ümumi və fərqli xüsusiyyətləri və mənşəyi aşkar edilmişdir.


Palçıq vulkanizmi (PV) probleminin həllində də dəyərli nəticələr alınmışdır:

  • KH yataqları və PV-nin çökmə qatda vahid bir neft-qaz əmələgəlmə prosesinin törəmələri olması göstərilmişdir.
  • PV fəaliyyətinin maye, bərk və qaz halında olan məhsullarının dərinliyi qiymətləndirilmişdir.
  • PV və yataqlarda CO2-nın karbonunun çox ağır KİT-nin (>5‰) mənşəyi müəyyən edilmişdir və bu da neftlərin 2000 m-dən artıq olmayan dərinliklərdə baş verən törəmə biokimyəvi çevrilmə prosesləri ilə izah olunur.
  • PV qazlarında 20-dən artıq KH-nin tsiklik komponentləri müəyyən edilmişdir ki, bunlar da KH-nin 120-150°C-yə yaxın temperaturda generasiya olunmasının əlaməti hesab olunur.
  • İlk tədqiqatlar nəticəsində PV kanalında baş verən mikrobioloji proseslər və mikrob qrupları haqqında ilk təsəvvürlər yaranmışdır.
  • İlk dəfə olaraq, berilliumun kosmogen izotopları (Be9 и Be10) əsasında Daşgil PV-də brekçiyanın yaşının təxminən 4 mln il olduğu müəyyənləşdirilmişdir.


Geoekologiya sahəsində:

  • Abşeron yarımadasının timsalında neft-qaz yataqlarının uzun müddət işlənilməsi nəticəsində yer səthinin çökməsi, sulaşması və törəmə zəlzələlərin əmələ gəlməsi məsələləri araşdırılmışdır.
  • PV-dən ayrılan metanın ümumi axını müəyyən olunmuş və iqlimin qlobal dəyişmələrində onun rolu qiymətləndirilmişdir.
  • Şöbə əməkdaşları radon qazının Azərbaycanda yayılmasının öyrənilməsində və insan sağlamlığına təhlükəli olan zonaların müəyyən edilməsində istirak etmişlər.


Beynəlxalq əməkdaşliq:

1993-cü ildən şöbə əməkdaşları AMEA Geologiya və Geofizika İnstitutunun xarici şirkətlər və beynəlxalq elmi mərkəzlər ilə əməkdaşlığı çərçivəsində Cənubi Xəzər neftli-qazlı əyalətinin və ona bitişik ərazilərin neft-qaz geologiyası və geokimyasının müxtəlif problemlərinin öyrənilməsində aktiv iştirak etmişlər. Bu sıraya Amerikanın Amoco, Exxon, Shevron, First Exchange, APTI, ARCO şirkətləri, Yuta və Cənubi Karolina Universitetləri; Avropanın BP, Robertson, Geochem Group, Colin Jones LTD, Lasmo-Monument, Amerada Hess (Böyük Britaniya); Beicip Franlab (Fransa); Statoil (Norveç); Wintershall və RWE (Almaniya); OMV (Avstriya); Marmara Research Center (Türkiyə), Lukoil, Rosneft (Rusiya) və Аsiyanın JNOC (Yaponiya) şirkətlərini daxil etmək olar.

Qrant layihələrində iştirak:

Şöbənin əməkdaşları müxtəlif ölkələrdən olan həmkarları ilə birgə 13 beynəlxalq və respublika qrant proqramlarının yerinə yetirilməsində iştirak etmişlər. Cariplo Foundation (İtaliya) layihəsi çərçivəsində şöbənin rəhbəri Ə.Ə.Feyzullayev 3 ay ərzində iki dəfə İtaliyada elmi məzuniyyətdə olmuşdur: Pavia və Florensiya universitetlərində; Ə.Ə.Feyzullayev eləcə də Oklahoma (ABŞ), Bolonya (İtaliya) universitetlərinə və Potsdam GFZ (Almaniya) elmi mərkəzinə dəvət olunmuş və burada elmi məruzələrlə çıxış etmişdir.

Kadr hazirliği:

Son 20 il ərzində şöbədə 10 namizədlik dissertasiyası hazırlanıb müdafiə edilmişdir. Şöbənin rəhbəri (Ə.Ə.Feyzullayev) Geologiya və Geofizika İnstitutunun nəzdində yaradılmış ADNA (indi ADNSU) baza kafedrasının professoru olaraq magistrantlar hazırlayır.

Nəşrlər:

Yalnız 2003-2013-cü illər ərzində şöbənin əməkdaşları tərəfindən 155 elmi əsər (monoqrafiya, məqalə, kitabça, dərs vəsaiti, tezislər) dərc edilmişdir ki, bunlardan 96-sı xarici nəşrlərin payına düşür; şöbənin əməkdaşları dəfələrlə elmi məruzələrlə beynəlxalq və respublika forumlarında iştirak etmişlər.

CXH qərb bortunda Maykop çöküntülərinin ÜM-nin
kəmiyyət xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqları

 

CXH neftləri, ÜM aromatik və doymuş
fraksiyaları və karbon izotop tərkibi arasında asılılıq