Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

AMEA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN İNSTİTULARARASI VII FUTBOL ÇEMPİONATI KEÇİRİLİR

 
29 aprel 2022-ci il

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislərin İnstitulararası VII Futbol Çempionatı açılışı olub.

Çempionatın açılış mərasimində AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanova, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən professor Habil Qurbanov sonuncu çempionatın 2019-cu ildə baş tutduğunu, pandemiya ilə bağlı turnirə 3 il fasilə verildiyini söyləyib. O, çempionata göstərilən marağın bu il də yüksək olduğunu, turnirdə Akademiyanın 20 elmi müəssisə və təşkilatından 19 komandanın iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 25 aprel - 25 may tarixlərində keçirilməsi planlaşdırılan oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə ediləcək.

Akademik İsa Həbibbəyli gənc alim və mütəxəssislərin futbol çempionatının daim bayram əhval-ruhiyyəsində keçirildiyini, gənclərin oyunlarda öz iradələrini, bacarıqlarını nümayiş etdirdiyini söyləyib və komandalara uğurlar arzulayıb.

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev isə çempionatın ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilməsini yüksək qiymətləndirib. Akademik uzun fasilədən sonra baş tutan turnirin zehni əməklə məşğul olan gənc alim və mütəxəssislərin idman həyatına və sağlamlıqlarına müsbət təsir göstərəcəyini vurğulayıb.

Aprelin 27-də GGİ-nin futbol komandasının Torpaqşünaslıq və Aqrokimya İnstitutun futbolçuları ilə oyunda 11:2 hesabı qeydə alınıb.