Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Mar 2022 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI


11 mart 2022-ci il

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasını giriş sözü ilə açan bu elmi müıssisənin baş direktoru akademik Akif Əlizadə gündəlikdə duran məsələləri səsləndirib.Gündəlik təsdiqləndikdən sonra “Seysmik məlumatların GPS müşahidə nəticələrilə kompleks interpretasiyası əsasında geostrukturların fərqli sürətlərlə və müxtəlif istiqamətli sürüşmələrinin səbəblərinin izahı” mövzusunda elmi məruzə üçün söz g.-m.e.d. Namaz Yusubova verilib.

Alimin məruzəsi maraqla dinlənilib, müzakirə edilib və aktuallığı xüsusilə vurğulanıb. Qeyd edilib ki, AMEA Rəyasət Heyətinin, Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi əməkdaşlarının birgə təşəbbüsü ilə seysmoloji (2003-2019-cu illər), geodezik ölçmə (1998-2020-ci illər) və seysmik (1993-2019-cu illər) məlumatlarının birgə interpretasiyası əsasında mühüm nəticələr əldə edilib. Elmi şura Namaz Yusubovun məruzəsini bəyənib və həmçinin qərara alıb ki, Azərbaycan ərazisinin geodinamikası haqqında daha müfəssəl məlumatların əldə edilməsi məqsədilə geniş məlumat bazası yaradılsın və istifadə edilmiş interpretasiya modeli əsasında tədqiqatlar davam etdirilsin.

GGİ-nin baş direktoru akademik Akif Əlizadə gündəliyə uyğun olaraq elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı haqqında məlumat verib. Bildirilib ki, “Azərbaycanın geoloji öyrənilməsi (1970-2020)” istiqamətində əməkdaşların artıq 600 səhifəlik elmi araşdırmaları hazırdır və bu istiqamətdə tamamlanma işləri aparılır.

Akademik Fəxrəddin Qədirovun “Qafqaz-Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili” (2020-2022) və “Aralıq dənizi qırışıqlıq zonasının Qafqaz seqmentinin qələvi və sub¬qələvi maqmatik komplekslərinin mineraloji xüsusiyyətləri və petrologiyası” (2020-2022) mövzusunda g.-m.e.d., profssor Musa Məmmədovun məruzəsi maraqla qarşılanıb , çoxsaylı suallar cavablandırılıb.

Daha sonra akademik Akif Əlizadə “Qarabağın təbii ehtiyatları” atlasının tərtibi üzrə işlərin başa çatdırılması, “Nəzəri və tətbiqi geologiyanı qısa kursu” və “Yer fizikasının nəzəri kursu” dərs vəsaitlərinin hazırlanmasının vəziyyəti haqqında geniş məlumat təqdim edib.

Akademik Əkpər Feyzullayev Geologiya və Geofizika İnstitutu əməkdaşlarının attestasiyasının yekunları haqqında komissiya sədri kimi geniş hesabat verib.
İclasın sonunda y.e.f.d. Səadət Ələkbərova Geologiya və Geofizika İnstitutu magistrantlarının attestasiyasının yekunları haqqında məlumat təqdim edib.