Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI


8 aprel 2022-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclasında bu elmi müəssisənin baş direktoru akademik Akif Əlizadə tədbirin gündəliyini elan etdikdən sonra son aylarda dünyasını dəyişmiş İnstitut alimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademik A.Əlizadə giriş sözündə GGİ-də vəfat etmiş istedadlı və təcrübəli alimləri əvəz edəcək mütəxəssis qıtlığını təəssüflə vurğulayıb, gənc kadrların hazırlığını ən ümdə vəzifə kimi diqqətə çatdırıb.

İclasın gündəliyinə uyğun olaraq g.-m.e.d., professor Adil Əliyev “Yeni mineraloji konsepsiya baxımından palçıq vulkanlarının genezisi” mövzusunda təqdimat edib. Bütün elmi fəaliyyətini palçıq vulkanlarının öyrənilməsinə həsr etmiş Adil Əliyev bu sahədə qazanılan təşrübənin, yeniliklərin rəqəmlərlə təsdiqini bir dahanəzərə çatdırıb:”Ölkə ərazisində 32 vulkan öyrənilib, onlardan ikisi ada vulkanıdır. Piritin 23 müəyyən edilmiş müxtəlif formaları təyin edilib və onun axın formasında 7 qatda formalaşması aydınlaşdırılıb”.

Təqdimat mövzusu ilə bağlı iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və çıxışlarda maraqlı təqdimat yüksək qiymətləndirilib. Elmi Şura üzvləri həmçinin tövsiyə ediblər ki, palçıq vulkanlarını elmi baxımdan daha dərindən öyrənmək istiqamətində problematika müəyyənləşdirilməli və problemlərin həllinə gənc alimlər cəlb olunmalıdır.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə elmi müəssisədə struktur dəyişilikləri haqqında məlumat səsləndirib. Bildirib ki, yaşı artıq 80-ni keçmiş İnstitutda elmi-tədqiqat sahələrinin geniş profilliliyi, ixtisas üzrə kadr potensialı nəzərə alınaraq bəzi struktur dəyişilikləri zəruri olmuşdur. Belə ki,”Geotektonika və regional geologiya” şöbəsini ”Dinamiki geologiya”,“Geotermiya” şöbəsini “Yer təkində istilik-kütlədaşınma”, “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbəsini “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi”kimi adlandırmaq, həmçinin İnstitutun strukturunda 3 yeni şöbənin yaradılması təklif olunub: “Filiz-maqmatik sistemləri və minerageniya”, “Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası” və “Tətbiqi geotermiya tədqiqatları”. Beləliklə, akademik A.Əlizadənin təklifləri müzakirə olunaraq qəbul edilib.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanova “Elm Günü”nə həsr olunmuş geoloq və geofizik tələbələrin “Gələcəyə addım-2” mövzusunda Ümumrespublika olimpiadasının yekunları haqqında hesabat verib.