Ana Səhifə / Fəaliyyət / Azərbaycanın Xəzəryani çökəkliyinin orta yura çöküntülərinin litoloji-stratiqrafik və paleocoğrafi modelləri

Avtoreferatlar

Azərbaycanın Xəzəryani çökəkliyinin orta yura çöküntülərinin litoloji-stratiqrafik və paleocoğrafi modelləri

Əliyeva İntizar Teyyub qızı

2517.01 – Litologiya
(2013)

İndi Azərbaycanın Xəzəryanı çökəkliyində Orta Yura çöküntüləri ilə əlaqədar onlarla perspektivli strukturlar mövcuddur. Hələ keçən əsrin 60-80-cı illərində həmin perspektivli strukturlarda Orta Yura çöküntülərinin quruluşu və neftqazlığı geoloji-geofiziki üsullarla və dərin kəşfiyyat quyuları ilə ətraflı öyrənilmişdi. Ancaq təəssüf ki, Xəzəryanı çökəkliyin Orta Yura çöküntülərində bu günə kimi sənaye əhəmiyyətli neft-qaz yataqları açılmamışdır. Neqativ nəticələrə baxmayaraq, əldə edilmiş mövcud geoloji və geofiziki materiallar Xəzəryanı çökəkliyin Orta Yura çöküntülərinin sənaye əhəmiyyətli neft-qaz potensialına malik olmasını bir daha təsdiq edir və bu çöküntülərə kəşfiyyat işlərinin, yeni sedimentoloji və seysmik-kəşfiyyat məlumatları əsasında yenidən baxılmasına böyük ehtiyac duyulur. Bu baxımdan heç də təsadüfü deyildir ki, 2005-ci ildə «Lukoyl» transmilli şirkəti Yalama-dəniz strukturuna layihə dərinliyi 5000 m olan bir parametrlik quyu qazmışdır. Quyu Yuranı tam və Trias üst hissəsini açdıqdan sonra 4600 m dərinlikdə texniki səbəbdən, layihə dərinliyinə çatmadan qazma işləri dayandırılmışdır. Yalama dəniz strukturunda Yura çöküntüləri ilə əlaqədar perspektiv obyektlər çox olduğundan şirkətin rəhbərliyi strukturun tağa yaxın hissəsində daha iki kəşfiyyat quyusunun qazılmasını planlaşdırmışdır.

Bundan başqa, Xəzəryanı çökəklikdə üzvi maddələrlə zəngin Orta Yura argillitləri bir sıra tədqiqatçılar tərəfindən neft əmələgətirən ana süxurlar kimi qəbul edilmişdir. Eyni zamanda Xəzəryanı çökəkliyin Orta Yura çöküntüləri Üst Yura və Valanjin, Barrem dövründə dərin denudasiyalara məruz qaldığından və en dairəsi istiqamətində kontrast fasial dəyişmələrlə səciyyələndiyindən, bu çöküntülərdə qeyri-struktur tələlərin əmələ gəlməsi üçün əlverişli şərait yaranmışdır. Bütün bunları nəzərə alaraq Azərbaycanın Xəzəryanı çökəkliyində gələcəkdə aparılacaq kəşfiyyat işlərinin səmərəliyini artırmaq üçün, burada Orta Yura çöküntülərinin fundamental litoloji və paleocoğrafi tədqiqatlarının (erkən Bayos dövrünün palecoğrafiyası) aparılmasına böyük ehtiyac duyulur. Məhz Orta Yura çöküntülərinin əsaslı litoloji tədqiqatları nəticəsində təbii rezervuarların və ekran suxurların quruluşları, petrofiziki xüsusiyyətləri və yerləşmə qanuna-uyğunluqları haqqında ətraflı məlumatlar əldə etmək və fasialgenetik, paleocoğrafi tədqiqatlar əsasında qeyri-struktur tələlərin tiplərini, morfologiyasını və lokallaşma zonalarını müəyyən etmək, regionda aparılacaq axtarış-kəşfiyyat işlərinin səmərəliyini xeyli artırardı.

Azərbaycanın Xəzəryanı çökəkliyində Orta Yura çöküntülərinin çöl tədqiqat işlərinin nəticələrini, dərin quyu kern, mədəngeofiziki və seysmik-kəşfiyyat materiallarının ümumiləşdirilməsi və əldə edilmiş nümunələr üzərində kompleks litostratiqrafik, sedimentoloji və paleocoğrafi tədqiqatların aparılması nəticəsində Orta Yura çöküntülərinin litoloji-paleocoğrafi modellərinin yaradılmasıdır.