Ana Səhifə / Fəaliyyət / Ceyrançöl düzünün yeraltı sularının formalaşma qanunauyğunluqları və istifadə perspektivliyi

Avtoreferatlar

Ceyrançöl düzünün yeraltı sularının formalaşma qanunauyğunluqları və istifadə perspektivliyi

Əmiraslanov Sadiq Natiq oğlu

2518.01 – Hidrogeologiya

Mütəxəssislərin hesablamalarına görə Yer kürəsində torpaq ehtiyatı həm sahə, həm də keyfiyyət baxımından məhduddur və təqribən 13,4 mlrd. ha təşkil edir. Ümumi torpaq ehtiyatının üçdə birindən azı, yəni 4,1 mlrd. ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı hesab edilir və onun 1,5 mlrd. ha əkin, qalan hissəsi isə otlaq və çəmənlik üçün istifadə olunur. Əhalinin sayının artması, torpaq ehtiyatlarının sabit olması, təbii ki, hər adam başına düşən yararlı əkin sahələrinin azalmasına gətirib çıxarır. Azərbaycanda bir nəfərə düşən yararlı əkin sahəsi Yaponiya ilə müqayisədə 2 dəfə, Hollandiya ilə müqayisədə 3 dəfə azdır. Həmçinin torpaqlar təbii, texnogen və antropogen təsirlər, başqa sözlə təbii fəlakətlər və insanların təsərrüfat fəaliyyəti nəticəsində tədricən tənəzzülə uğrayır, əkin sahələri dövriyyədən çıxır. Səhralaşma, eroziya, şorlaşma, bataqlaşma, subasma və digər bu kimi neqativ proseslər torpaqların münbitliyinin aşağı düşməsinə, bəzi hallarda isə tamamilə itirilməsinə gətirib çıxarır.

Azərbaycanda mədəni əkinçilikdə istifadə edilən torpaqların 1,5 mln ha şorlaşma və şorakətləşməyə, 3,6 mln ha irriqasiya, külək və relyef eroziyasına məruz qalmış; 1,5-2,0 mln ha sahədə qida çatışmamazlığı baş vermiş; 1,5-1,6 mln ha torpaq sahəsi zərərli maddələrlə çirklənmiş və bioloji fəallığı azalmış; 0,5-0,6 mln ha ərazidə subasma və bataqlaşma meydana çıxmışdır. Odur ki, torpaq ehtiyatlarından səmərəli istifadə, onların mühafizəsi və münbitliyinin artırılması günün aktual problemlərindən biri hesab edilir.