Ana Səhifə / Fəaliyyət / Aşaği Kür çökəkliyinin şimal-şərq bortunda yüksəkdəqiqlikli qravimetrik kəşfiyyat üsulu ilə neftli-qazlı tələlərin proqnozlaşdırılması

Avtoreferatlar

Aşaği Kür çökəkliyinin şimal-şərq bortunda yüksəkdəqiqlikli qravimetrik kəşfiyyat üsulu ilə neftli-qazlı tələlərin proqnozlaşdırılması

Həsənov Əliəddin Salman oğlu

2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Respublikamız müstəqillik əldə etdikdən sonra ölkə sənayesinin hərtərəfli inkişafı xalq təsərrüfatının ən önəmli vəzifəsinə çevrilmişdir. Bu sahələrdən ən əsası enerji və yanacaq sənayesidir ki, onun inkişafı üçün yeni neft-qaz yataqlarının kəşf olunub istismara verilməsi zəruridir. Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatında geofizikanın rolu böyükdür. Buna baxmayaraq, mürəkkəb geoloji quruluşa xas olan rayonlarda geofiziki axtarış işlərinin səmərəliliyi hələ də arzu edilən səviyyədə deyildir. Bu baxımdan, qravimetrik məlumatlara görə mürəkkəb geoloji quruluşlu rayonlardan biri olan Aşağı Kür çökəkliyinin şimal-şərq bortunda geofiziki kəşfiyyatın səmərəliliyinin artırılmasına, geoloji quruluşun, struktur-tektonik əlamətlərin və neft-qazlılığın öyrənilməsinə həsr olunmuş tədqiqatlar aktualdır.

Aşağı Kür çökəkliyinin və Ələt-Ləngəbiz tektonik zonasının palçıq vulkanlarının öyrənilməsi göstərir ki, Paleogen-Miosen (Maykop, Çokrak, Saarmat) və Təbaşir çöküntülərində yaxşı kollektor xüsusiyyətlərinə malik olan süxurlar mövcuddur. Çatlı əhəngdaşılarından və mergellərdən, qumdaşılarından və qumlardan ibarət olan bu kollektorların regional neft-qazlılığı Şamaxı-Qobustan neftli vilayətində məlumdur.

Tədqiqat rayonunda son illərdə geofiziki məlumatlarla əldə edilmiş nəticələr müəyyən dərəcədə imkan verir ki, Aşağı Kür çökəkliyinin şimalşərq bortunun neftlilik-qazlılıq perspektivliyinin qiymətləndirilməsinə yenidən baxılsın. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Aşağı Kür çökəkliyinin şimal-şərq bortunun geoloji quruluşunun, palçıq vulkanlarının yayılma zonalarının və sahənin neftlilik-qazlılıq perspektivliyinin mövcud geoloji-geofiziki məlumatlarla yenidən təhlili və ümumiləşdirilməsi aktualdır.