Ana Səhifə / Fəaliyyət / Quyularda texnoloji əməliyyatların və neft hasilatının intensivləşdirilməsi üçün nanosistemlərin işlənməsi və tətbiqi

Avtoreferatlar

Quyularda texnoloji əməliyyatların və neft hasilatının intensivləşdirilməsi üçün nanosistemlərin işlənməsi və tətbiqi

Vəliyev Elçin Fikrət oğlu

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı

Azərbaycanda əksər neft yataqları uzun müddətdir ki istismardadır. Bu yataqlarda neft hasilatının mövcud səviyyədə saxlanılması üçün lay sularının təcridi, quyudibi zonanın dayanıqlığının təmin olunması məsələləri əhəmiyyətlidir. İzolə işlərində müxtəlif tərkibli materiallar istifadə olunur. Onlar laya zəif nüfuz etmə, reoloji xüsusiyyətlərinin çətin nizamlanması, yüksək dayanıqlılığı və uzun müddətli effektliliyi təmin etməməsi və s. kimi xüsusiyyətlərə malikdir.

Beləliklə bu amillərin təmin olunması üçün yeni izoləedici kompozisiyanın işlənməsi və tətbiqi baxımından bu dissertasiya işi aktualdır.

Məqsəd quyularda neft hasilatının və texnoloji əməliyyatların intensivləşdirilməsi üçün yeni sistemin işlənilməsi və tətbiqidir.

İlk olaraq neft hasilatının mövcud intensivləşmə metodunun effektliliyi və quyuya gələn su axınının məhdudlaşdırılması üçün mövcud sistemlərin təhlili verilmişdir.

Kompozisiyanın sıxlığının azaldılması hesabına tətbiq sahəsinin genişləndirilməsinə imkan verən daha effektli gel əmələ gətirən qeyritoksiki tərkib işlənib.

Portland sementə SiO2 və TiO2 nanohissəciklərini əlavə etməklə yüksək möhkəmliyi təmin edən tamponaj tərkib hazırlanıb. Bərkimə dövründə sement daşının bərkimə göstəricisi uyğun olaraq 35.71% və 37.14%, daha sonrakı dövrdə isə 18% və 20% artmış olub. Sement daşının möhkəmliyi haqqında əvvəlcədən məlumat verilməsi və alınmış nəticələr arasında riyazi asılılığı təyin etmək üçün reqressiv təhlil metodundan istifadə olunmuşdur.

Sonra neft hasilatının artırılmasına yanaşma üçün qeyri-səlis məntiq, ehtimal nəzəriyyəsi və Bayesian çıxış mexanizminə əsaslanan riyazi üsul təklif olunub. Yüngül əlvan metalın150 nm ölçülü nano hissəciyini SAM-nin su əsaslı məhluluna əlavə etməklə nanoflüid işlənilib. Layın dərinliyinə nüfuz üçün nanogel sistemi hazırlanmışdır. Nanohisəciklərin əlavə olunması ilə polimer gelinin müqavimət əmsalının artması birinci həftədə və 10 həftədə uyğun olaraq 56% və 91,3% təşkil edir. Nanogelin tətbiqində neftin sıxışdırılıb çıxarılma əmsalı nano-hissəcik olmayan varianta nisbətən 6% artıq müşahidə olunub. Bu halda neftin son sıxışdırılıb çıxarılma əmsalı 69% təşkil etdiyi qeyd olunub.

Daha sonra işlənilmiş sistemlər Neft Daşlarında və Palçıq Pilpiləsində H.Z.Tağıyev və Ə.C.Əmirov adına NQÇİ-də tətbiq olunub.