Ana Səhifə / Fəaliyyət / Neft-qaz yataqlarının işlənilməsinə geofiziki nəzarət üsullarının imkanları və inkişaf prespektivliyi (Azərbaycan yataqları timsalında)

Avtoreferatlar

Neft-qaz yataqlarının işlənilməsinə geofiziki nəzarət üsullarının imkanları və inkişaf prespektivliyi (Azərbaycan yataqları timsalında)

Seyidov Vaqif Mirhəmzə oğlu

25.00.10 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
(2012)

Dissertasiya işində Azərbaycan neft-qaz yataqlarının işlənilməsi və bu zaman tətbiq edilən QGT üsullarının tətbiqinin hazırki durumu təhlil edilərək, yataqların işlənilməsinin keyfiyyətini artırmaq üçün geofiziki nəzarət üsullarının inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. İşdə yataqların işlənilməsinə nəzarətin həyata keçirilməsi üçün tətbiq edilən QCT üsullarının optimal kompleksinin tərtibinə baxılmış və onların yataqlarda tətbiqedilmə miqdarı müəyyənləşdirilmişdir.

Yatağı, layı və süxuru səciyyələndirən geoloji kəmiyyətlərin təyini üçün, aşağıda qeyd edilən yeni üsullar hazırlanmış və praktiki məlumatlar əsasında dəqiqlik dərəcəsi yoxlanılmışdır: istismar zamanı məsaməlik əmsalının dəyişilməsinin təyini, lay sularının duzluluq dərəcəsinin təyini; keçiriciliyin dəyişilmiş qiymətinintəyini, çoxsüzgəcli quyularda hər bir layın təzyiqinin təyini, lay dəstələri qarşısında açılmış süzgəc intervalının qalınlığına görə işlənilmənin qiymətləndirilməsi və s.

Layın qalıq neftdoyumluğunun təyini, işlənilmə zamanı horizontların (layların) qeyri-bircinsliliyini səciyyələndirən əmsalın təyini, yatağın ilkin geofiziki məlumatlar əsasında proqnozlaşdırılması, istismar dövrü köhnə quyu fondlarında ölçülməmiş karotaj əyrilərinin tərtibi üsulu və istismar dövrü temperatur amilinin neftin miqrasiyası ilə əlaqəsinin öyrənilməsi kimi üsullar təkmilləşdirilmişdir. Eyni zamanda layların iş rejimlərinin QGT üsulları ilə öyrənilməsi, quyu cihaz və avadanlıqların optimal iş rejiminə çıxarılması və çöküntütoplanma intervalının təyini kimi məsələlər nəzərdən keçirilmişldir.

Nəzərdən keçirilən məsələlərdən biri də yataqlara geofiziki üsullarla nəzarət modelinin tərtib edilmə ardıcıllığı və texnologiyasıdır. Bu məqsədlə də modelin tərtib edilmə ardıcıllığı elmi əsaslarla müəyyənləşdirilmiş və onun dəqiqlik dərəcəsi qiymətləndirilmişdir.

Dissertasiya işində yataqların işlənilməsi zamanı laydan debitin zəifləməsivə ya tam kəsilməsinin daha bir səbəbi – kapilyarların tıxacla tutulmasına, onun fizikası və aradan qaldırmaq üçün seçilmiş ultra-səs dalğalarının xüsusiyyətinin təhlilinə, səmərəli tezliyin seçilməsinə, dalğaların yayılmasına mənfi təsir edən aimllərə və s. məsələlərə baxılmışdır.

Tədqiqat işində hazırlanmış yeni üsullar neft-qaz yataqlarının işlənilməsində geofiziki nəzarətin imkanlarını daha da genişləndirməyə və dəqiq nəticələrin alınmasına şərait yaradacaqdır.

Tədqiqat işlərinin metodiki və geoloji nəticələrinin istifadəsi ARDNŞ - in müxtəlif qurumları üçün nəzərdə tutulur.