Ana Səhifə / Haqqımızda / Şöbələr / Palcıq vulkanizmi şöbəsi

Palcıq vulkanizmi şöbəsi

Şöbə rəhbəri: geologiya-mineralogiya elmləri doktoru, professor Əliyev Adil Abas Əli oğlu

Telefon: (+99412) 5394052
Faks: (+99412) 4975285
E-mail: ad_aliyev@mail.ru

Azərbaycan və ona həmsərhəd Xəzərin akvatoriyası planetin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur; burada 400-ə yaxın yerüstü və dəniz palçıq vulkanı (fəaliyyətdə olan, sönmüş, gömülmüş, sualtı, ada, böyük miqdarda neft çıxaran vulkanlar) cəmlənmişdir.

50 ildən çoxdur ki, palçıq vulkanlarının öyrənilməsi sahəsində Geologiya İnstitutunda elmi-tədqiqat işləri aparılır. Keçən əsrin 70-ci illərinin əvvəllərində institut keçmiş SSRİ-nin cənubunun Alp qırışıqlıq qurşağında palçıq vulkanlarının öyrənilməsi ilə məşğul olan müəssisə kimi təsdiq edilmişdi.

Tədqiqatların əsas istiqamətləri:
  • palçıq vulkanlarının tektonik-struktur xassələri, onların məkan və zamanca paylanma qanunauyğunluqları və dərinlik prosesləri ilə əlaqəsi;
  • vulkanların püskürmə məhsullarının geokimyəvi tədqiqatları;
  • palçıq vulkanizminin mineralogiyası;
  • palçıq vulkanlarının təzahür prosesləri və mexanizminin modelləşdirilməsi;
  • böyük dərinlik zonlarında karbohidrogen toplantılarının proqnozlaşdırılmasının geoloji-geokimyəvi meyarlarının və palçıq vulkanlarının yayıldığı ərazilərdə axtarış-kəşfiyyat işlərinin metodikasının işlənilməsi.

Palçıq vulkanlarının çoxillik kompleks tədqiqatları nəticəsində:
  • İlk dəfə olaraq, ümumdünya geoloji ədəbiyyatında “Azərbaycanın palçıq vulkanlarının atlası” nəşr olunmuşdur.
  • Palçıq vulkanlarının əmələ gəlməsi ilə molass çökəkliklərinin kaynozoyda baş verən proseslər arasında əlaqəsi və palçıq vulkanizminin təzahüründə paleogen-miosen yaşlı neft-qaz əmələgətirən süxurların rolu müəyyən edilmişdir.
  • Geoloji-geofiziki məlumatlar nəzərə alınmaqla kosmik fotoşəkil və aerofotomaterialların təhlili ilə yeni qırılma strukturları və onların arasında yerləşən palçıq vulkanlarının təzahür xüsusiyyətlərinə xas olan müxtəlif xarakterli mikrobloklar aşkar edilmişdir.
  • Palçıq vulkanlarının yeni morfogenetik təsnifatı işlənmişdir.
  • İlk dəfə olaraq, iki genetik əlaqəli olan məfhumlar: palçıq vulkanları və palçıq vulkanlarının təzahürləri, həmçinin bolluca neft çıxaran vulkan təzahürləri müəyyən edilmişdir.
  • Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik arasında genetik əlaqə aşkar olunmuşdur (qaz-hidrat geokimyəvi göstəricilərə görə).
  • Son 200 il ərzində palçıq vulkanlarının püskürmə dinamikasının xüsusiyyətləri nəzərdən keçirilmişdir (93 vulkanda 405 püskürmə qeydə alınmışdır).
  • Vulkanların çıxardığı flüidlərin (qaz, su, neft) və süxurların izotop-geokimyəvi tədqiqatları aparılmışdır.
  • Vulkanizmin intişar etdiyi əksər regionlarda palçıq vulkanları brekçiyasının və suların yüksək miqdarda bor tərkibli olması aşkar edilmişdir.
  • İlk dəfə olaraq vulkan palçığının geokimyəvi xüsusiyyətləri və bioloji aktiv maddələri öyrənilmişdir.
  • Palçıq vulkanlarının yayıldığı ərazilərdə dərində yatan neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və kəşfiyyat strukturlarında sönmüş sualtı palçıq vulkanlarının xəritələnməsi üsulu işlənilmişdir.
  • İlk dəfə olaraq, Xəzərin dərinliyində yerləşən palçıq vulkanlarının boğazlarında “submarin” qaz-hidratlar aşkar edilmiş, onların kimyəvi və izotop tərkibi öyrənilmişdir.
  • Palçıq vulkanizminin fiziki-kimyəvi seysmogeoloji modelləri tərtib olunmuşdur.
  • İlk dəfə olaraq, Azərbaycanın yerüstü və sualtı palçıq vulkanları üçün qaz balansının hesablanma metodikası işlənilmişdir.
  • Palçıq vulkanları ilə bağlı olan təbii bitumların alternativ (qeyri-ənənəvi) karbohidrogen mənbələri, həmçinin vulkan brekçiyasında eosen yaşlı yanar şistlər öyrənilmişdir.
  • İlk dəfə böyük dərinliklərdə karbohidrogenlərin generasiyası üçün eosen çöküntülərinin potensial imkanları haqqında fikir irəli sürülmüşdür.
  • Palçıq vulkanlarının struktur mövqeyinin öyrənilməsi və aeorkosmofotomaterialların təfsirinin nəticələrinin analizi əsasında metodika işlənmiş və Şimalı Azərbaycanda yeni yürüstü və gömülmüş vulkanlar aşkar edilmişdir.
  • Azərbaycanın alp tektogenezisinin gec erogen fazaları ilə bağlı palçıq vulkanlarının məkan və zamanca paylanmasının qanunauyğunluqları müəyyən edilmişdir.

Ekoloji məsələlər:
  • Palçıq vulkanlarının intişar etdiyi zonalarda civəli və radioaktiv sahələrin xüsusiyyətləri öyrənilmişdir.
  • Təbiət abidəsi statusu almış palçıq vulkanları qoruğunun yaradılması sahələrində işlər görülmüşdür.
 
Palçıq vulkanlarının öyrənilməsində tədqiqatların nəticələri “Azərbaycanın palçıq vulkanlarının atlası” (1971), 1:500 000 miqyasında “Azərbaycanın neftli-qazlı ərazilərinin palçıq vulkanlarının xəritəsi” (1978), “Sovet İttifaqının palçıq vulkanizmi və onun neft-qazlılıqla əlaqəsi” əsəri (1980), “Palçıq vulkanları və onların yer təkinin neft-qazlılığının proqnozunda əhəmiyyəti” (1987), geodinamik əsasda tərtib edilmiş 1: 500 000 miqyaslı “Azərbaycan və Xəzərin həmsərhəd akvatoriyasının palçıq vulkanlarının xəritəsi” və 1:100 000 miqyaslı “Qobustanın palçıq vulkanlarının geoloji xəritəsi” (2003), “1810-2007-ci illərdə palçıq vulkanlarının qeydə alınmış püskürmələrinin kataloqları” (2002-2009), rus və ingilis dillərində “Neft-qazlılığın proqnozlaşdırılması ilə əlaqədar palçıq vulkanlarının fəaliyyətinin modelləşdirilməsi” (2007), bir neçə elmi-populyar kitab, həmçinin çoxsaylı elmi əsərlər beynəlxalq və respublika nəşrlərində öz əksini tapmışdır.
Azərbaycan, ingilis və rus dillərində “Dünya palçıq vulkanları” atlası çapa hazırlanmışdır.
 
 

Yerüstü palçıq vulkanı
 
 
 
Dəniz palçıq vulkanı
Naxçıvan blokunda sualtı palçıq vulkanı
 

“1810-2007-ci illərdə palçıq vulkanlarının

qeydə alınmış püskürmələrinin kataloqu”
(2009) ingilis dilində