Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI


22 iyun 2022-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, son 150 ildə yarımada göllərinin çoxu müxtəlif dərəcəli antropogen yüklənməyə məruz qalıb. Bu baxımdan onların hazırki durumu maraq doğurur. Elə g.e.d. Vaqif Məmmədovun təqdimatı da həmin mövzudadır.

Sonra GGİ Geoekologiya şöbəsinin rəhbəri g.e.d. Vaqif Məmmədov “Abşeron yarımadası göllərinin müasir morfometrik kəmiyyətləri və onların zamanla dəyişmə istiqamətlərinin qiymətləndirilməsi” mövzusunda təqdimat reallaşdırıb. Məruzəçi bildirib ki, ölkəmizdə göllərin ən çox cəmləndiyi məkanlardan biri də Abşeron yarımadasıdır. 2020-2022-ci illərə aid kosmik təsvirlər və xəritə məlumatlarına əsasən müəyyənləşdirilib ki, yarımadada sahəsi 0,5 hektardan (≥5000m2) çox olan 112 göl mövcuddur və onların su səthinin cəm sahəsi 57 km2-dir. Göllər yarımada sahəsinin 2,85%-ni əhatə edir, bu göstərici respublikamız üçün 0,35%, dünya üçün 1,8%-dir. Bəzi çökəkliklərdə şor sulu yeraltı suların səthə çıxması ilə yüksək dərəcədə minerallaşmış göllərin formalaşmasına şərait yaranıb. Beləliklə, onları iki qrup daxilində birləşdirmək olar: təbii vəziyyətdə inkişaf edənlər və ekoloji tarazlığı texnogenezlə pozulmuşlar.

V.Məmmədov Böyükşor, Ramana, Binəqədi, Zığ, Daşaqıl, Lökbatan, Zabrat, Xocahəsən, Bülbülə, Qala və digər məkanlardakı göllərin morfometrik parametrləri, su kütləsi, dib çöküntülərinin fiziki-kimyəvi xassələri, suyun minerallaşma dərəcəsi, bioaktiv palçıq texnogenezi və s. xüsusiyyətlərini lakonik tərzdə seminar iştirakçılarına çatdırıb, onların çoxsaylı suallarını cavablandırıb.

Təqdimat ətrafında səslənən çıxışlarda məruzə yüksək qiymətləndirilib.