Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Jul 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASI BİRİNCİ YARIM İLDƏ SON İCLASINI KEÇİRİB

 
01 iyul 2022-ci il

Geologiya və Geofizika İnstitutu Elmi şurasının birinci yarımildə son iclasını müəssisənin baş direktoru akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdə duran məslələrlə tanış edib və GGİ strukturunda qismən dəyişikliklər haqqında məlumat verib. Sonra “Seysmostratiqrafiya” şöbəsinin adının dəyişdirilib aparılan elmi-tədqiqat işlərinə uyğun olaraq “Seysmogeoloji tədqiqatlar” şöbəsi adlandırılması müzakirə edilərək qəbul olunub. Həmçinin İnstituta avadanlıqların, cihazların və digər məmulatların alınması işini təmin etmək məqsədilə baş mühəndisin tabeliyində yeni daxili qurum – “Təchizat” şöbəsi yaradılması qərara alınıb.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli Azərbaycan Respublikasının 1:200000 – 1:500000 miqyaslı geoloji təyinatlı xəritələrinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

Sonra y.e.e.d. Qulam Babayevin beynəlxalq laboratoriyalarda aparılan müştərək elmi-tədqiqaq işlərinin gedişatı haqqında məlumatı dinlənilib. Alim bildirib ki, ilk müştərək işlər 2014-cü ildən AMEA-İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqramı çərçivəsində reallaşıb, sonra Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılıb. Bu dövr ərzində müştərək fəaliyyət xeyli elmi səmərə verib, diqqətəlayiq elmi nəticələr əldə edilib.

Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Faydalı qazıntı yataqlarının geologiyası və işlənilməsi” kafedrası filialının yaradılması haqqında Universitetin Geoloji-kəşfiyyat fakültəsinin dekanı g.-m.e.n. Nemət Paşayevin və kafedra filialının rəhbəri g.-m.e.n. Nəriman Qurbanovun məlumatları Elmi şura üzvləri tərəfindən maraqla qarşılanıb. N.Paşayev vurğulayıb ki, akademik Akif Əlizadənin daim təkidlə səsləndirdiyi elmlə təhsilin vəhdəti prinsipinə uyğun olaraq tədrisin elmləşdirilməsi niyyətilə yaradılan kafedra filialı bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq.

Elmi şura iclasında daha sonra bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib.