Ana Səhifə / Haqqımızda / Monoqrafiyalar

Monoqrafiyalar

XƏZƏR DƏNİZİNİN KARBOHİDROGEN QAZLARI

XƏZƏR DƏNİZİNİN KARBOHİDROGEN QAZLARI

(R.Ə.Hüseynov, F.H.Dadaşov)

Faydalı qazıntıların sualtı yataqlarının axtarışının qazgeokimyəvi üsulları və yer təkinin tədqiqi son 15-20 ildə inkişaf edir və formalaşma mərhələsindədir. Ona görə də dəniz və okeanların qazlarının tədqiqinin nəzəri əsaslarını öyrənmək, praktiki məsələlərin həlli üçün metodikaların və aparatların işlənməsi aktual görünür və təqdim olunan işdə Xəzər dənizi və başqa dənizlərin timsalında bu məsələlərə baxılmışdır.
 
 
Dəniz suyunun batometrlərlə nümunələrinin götürülməsinin mövcud metodikası və həll olmuş qazların tərkibinin öyrənilməsinin kimyəvi-analitik və ya hesablama metodları irəli sürülən tələblərin müasir səviyyəsinə keyfiyyətcə cavab vermir. Bu metodların çatışmamazlığı ondan ibarətdir ki, batometrlə götürülən su nümunələri hermetik deyil və nəticədə qazın bir hissəsinin itkisi baş verir. Tətbiq olunan kimyəvi metodlarla isə tam kimyəvi tərkibin və həll olmuş qaz komponentlərinin, xüsusilə, karbohidrogen qazlarının miqdarını müəyyən etmək mümkün deyil. Göstərilən çatışmamazlıqların aradan qaldırılması üçün müəlliflər tərəfindən dəniz suyu nümunələrinin suda həll olmuş bütün qaz komponentlərinin hermetik götürülməsi metodikası təklif edilmiş.
 
 
Yeni metodikanın mənimsənilməsi hermetik nümunəgötürənin LPQ-2 (laboratoriya prirodnoqo qaza) yaradılması ilə mümkün olmuşdur. Xəzər dənizi sularının hər yerində karbohidrogen qaz komponentlərinin mövcudluğu, Xəzər dənizi karbohidrogen qaz sahələri haqqında danışmağa imkan verir. Dəniz sularının ümumi qazlılığı orta hesabla 25 ml/l olmaqla 20-28 ml/l hüdudlarında dəyişir.
 
 
Karbohidrogen qazları bütün doymuş və doymamış homoloqları ilə birlikdə iştirak edir: metan- 0-1400x10-5 ml/l, etan-0-460x10-6 ml/l, etilen-0-140x10-6 ml/l, propan-0-170x10-6 ml/l, propilen-0-140x10-6 ml/l, butan-0-92x10-6 ml/l, izobutan-0-90x10-6 ml/l, butilen-0-70x10-6 ml/l, pentan-0-50x10-6 ml/l, izopentan-0-26x10-6 ml/l, heksan-0-50x10-6 ml/l, ağır karbohidrogenlərin cəmi-0-1295x10-6 ml/l intervallarında dəyişir.
 
 
Karbohidrogen qazlarının konsentrasiyasının dəyişməsi təsadüfü deyil, istiqamətlənmiş qanunauyğun xarakter daşıyır. Metan və onun homoloqlarının konsentrasiyasının dərinliklə dəyişmə xarakterinə görə iki qrup stansiya ayrılır. Birinci qrup stansiyalar da iki altqrupa bölünür. Daha geniş yayılan birinci altqrup stansiyalar metanın (10-80x10-5 ml/l) və ağır karbohidrogenlərin 123 (37-79x10-6 ml/l) aşağı konsentrasiyası ilə xarakterizə olunurlar. Karbohidrogenlərin maksimal miqdarı 30-70 m dərinlikdə müşahidə olunur, dərinliyə doğru konsentrasiyanın azalması baş verir, 200-300 m dərinlikdə müəyyən həddə qədər azaldıqdan sonra praktiki olaraq dənizin dibinə kimi dəyişməz qalır. İkinci altqrup stansiyalar əsasən Cənubi Xəzərdə yerləşir və metanın (14-400x 10-5 ml/l) və ağır karbohidrogenlərin cəminin (53-809x10-6 ml/l) konsentrasiyasının bir qədər yüksək qiymətləri ilə xarakterizə olunurlar. Karbohidrogenlərin maksimal həddi 100-200 m dərinliklərə çıxır, dərinliyə doğru konsentrasiya əyriləri yavaş 400-500 m-ə qədər səngiyir və dənizin dibinə yaxın yerlərdə təxminən dəyişməz qalır. Bəzi stansiyalarda dibə yaxın yerlərdə konsentrasiyanın artımı müşahidə edilir.
 
 
İkinci qrup stansiyalar dərinliklə bağlı olaraq konsentrasiyanın ardıcıl artımı ilə seçilir və bəzən konsentrasiya metan üçün 1400x10-5 ml/l və ağır karbohidrogenlərin cəmi üçün 850x10-6 ml/l kimi tufan həddinə çatır. Bu stansiyalar əsasən Orta və Cənubi Xəzərdə yerləşmişlər.
 
 
Xəzər dənizinin qərbdən şərqə doğru kəsən əsrlik profillərdəki tədqiqat komponent və mütləq tərkibi dərinliklə bağlı olaraq dəyişən suların karbohidrogen qazlarının miqdarına görə stratifikasiyasını təsdiq etdi. Şimaldan cənuba doğru kəsilişlərdə sularda həll olmuş karbohidrogen qazlarının həcmi artır. Ayrılan konsentrasiya zonaları ardıcıl müşahidə edilir, onların sayı artır və komponentlərin miqdarının kontrastlığı çoxalır. Bir sıra profillərdə özünəməxsus şəkildə palçıq vulkanlarının kraterlərinə doğru, su qatını dənizin dibindən səthə qədər yarıb keçən karbohidrogen qazlarının konsentrasiyasının yüksək "sütun"ları müşahidə edilir.
 
 
Xəzər dənizinin sularında karbohidrogen qazlarının paylanması haqqında əyani təsəvvürü konsentrasiyanın müxtəlif -50, 100, 200, 400 m dərinliklərdə dəyişməsi xəritəsi verir. Xəritələrin ümumiləşdirilməsi nəticəsində Xəzər dənizi akvatoriyasında bir neçə regional zona ayrılmışdır. Karbohidrogen qazlarının minimal konsentrasiyasına malik birinci zona Orta Xəzərin şimal və şimal-şərq hissəsini əhatə edir. Abşeron tirəsində maksimal konsentrasiyası ilə karbohidrogen qazlarının yüksək miqdarı Cənubi Xəzərdə qeyd olunur. Karbohidrogen qazlarının konsentrasiyasının şimaldan Orta və Cənubi Xəzərə doğru ardıcıl artımı akvatoriyanın dibində birinci tərtib strukturanın yerləşməsi ilə yaxşı əlaqələnir. Şimal və Orta Xəzərdə - Skif-Turan epikertsen platformaları, Cənubda alp geosinklinal oblastı. Göstərilən yerləşmə lokal hissələrdə neft-qaz yataqları, palçıq vulkanları, dənizin dibinin geoloji quruluşunun digər xüsusiyyətləri, antropogen faktorların təsiri ilə bağlı olan anomal zonalarla pozulurlar.
 
 
Hidrat əmələgəlmənin (p,t) parametrlərinin öyrənilməsi göstərdi ki, Xəzər dənizi şəraitində hidrat əmələgəlmə zonası 250 m izobatından aşağı yerləşə bilər və qalınlığı dərinlikdən asılı olaraq bir neçə on metrdən 300 m-ə qədər dəyişir. 1986-çı ildə "Elm" ETK ekspedisiyası, ÜİBT Okeanologiya İnstitutunun əməkdaşları (Q.D.Qinsburq və b.) ilə birlikdə torpaq trubkalarından, seysmoakustik profillərdən və yüksək dəqiqlikli naviqasiyadan istifadə etməklə Xəzər dənizinin dibində iki qazhidrat yığımı kəşf edilmiş, biri "Buzdağ", dikəri isə "Elm" adlandırılmış və bir qazhidrat çıxışı Abix valında qeydə alınmışdır. Tədqiq olunmuş obyektlərin hidratları və hidratlı süxurlarından ayrılan qazlar əhəmiyyətli karbohidrogen tərkiblidirlər. Buzdağ yığımının yeddi kristallohidrat nümunəsində 58,7-87,0 % metan, 10,4-19,4 % etan, 1,3-15,8 % propan, 0,1-2,5 % izobutan, 0,4¬2,0 % normal butan, 0,02-0,68 % pentan və 0,45-1,18% karbon qazı iştirak edir.
 
 
İşdə Xəzər dənizinin sularında karbohidrogen qazlarının müəyyən edilmiş təcrübi paylanmasının riyazi modelləşdirilməsinə cəhd edilmişdir. Bu isə alınmış paylanmanın dürüstlüyünü qiymətləndirməyə, ümumi qanunları aşkar etməyə, onlara ehtimallı qiymət verməyə və dənizin tədqiq olunmayan hissələrini səciyyələndirmək üçün müəyyən edilmiş qanunauyğunluqlardan istifadə etməyə imkan verdi. Bu iş dörd istiqamətdə cəmlənmiş idi:
 
 
• qaz sahəsinin normal komponentinin modelləşdirilməsi,
• qaz sahəsinin anormal komponentinin modelləşdirilməsi,
• üzmə prosesində qaz köpüklərinin həll olmasının modelləşdirilməsi,
• qaz sahələrinin parametrlərinin paylanmasının trendanalizi.
 
 
Xəzər dənizi sularında karbohidrogen qazlarının konsentrasiyasının paylanmasının müəyyən edilmiş qanunauyğunluğu və onların riyazi modelləşdirilməsi akvatoriyanın sularında karbohidrogen qazlarının miqdarına görə dəniz neft-qaz yataqlarının axtarışı metodikasının işlənməsi tərs məsələsinin həll edilməsinə imkan verdi. Verilən halda, quruda qaz planalmasında olduğu kimi, neft-qaz yataqlarından atmosferə qalxan flüid potokunun qeydə alınmasından çıxış edirik. Dəniz şəraitində karbohidrogenlər seli nəinki yerdəki süxurlarını, həm də hidrosferanın sularını dəlib keçir. Bu isə ənənəvi geoloji-geofiziki işlərin kompleksində texnoloji sxemi aşağıdakıları nəzərdə tutan dəniz qaz planalması işlərinin xüsusiyyətlərini müəyyən edir:
 
 
1. suya görə hidroqaz planalması,
2. dəniz dibi çöküntülərinə görə qaz planalması
3. gəmilərdən struktur qazımanın köməyi ilə yerinə yetirilən qazkern planalması.
 
 
Qoyulan məsələlərdən, neft-qaz akvatoriyalarının geoloji quruluşunun xüsusiyyətlərindən və nəzərdə tutulan işlərin həcmindən asılı olaraq təklif olunan kompleks uyğun dəyişikliyə uğrayır və hidroqaz planalmasının dərinliyi müəyyən olunur.
NEOTEKTONİK MƏRHƏLƏDƏ ALP-HİMALAY OROGEN QURŞAĞI QAFQAZ SEQMENTİNİN GEODİNAMİKASI

NEOTEKTONİK MƏRHƏLƏDƏ ALP-HİMALAY OROGEN QURŞAĞI QAFQAZ SEQMENTİNİN GEODİNAMİKASI

(F.S.Əhmədbəyli, M.İ.İsayeva, F.Ə.Qədirov, V.V.Korobanov)

Qafqaz Alp-Himalay qırışıq orogen qurşağının mühüm seqmentlərindən biri olmaqla, uzun sürən geoloji zaman ərzində mürəkkəb inkişaf yolu keçmişdir.
 
 
Paleomaqnit məlumatlar əsasında aparılmış palinspastik analiz yura, təbaşir və paleogen dövrlərində iri geoblokların (plitələrin və mikroplitələrin) paleotektonik mövqeyin məkan və zamanda aşkar etməyə imkan verir. Yura - dördüncü dövr ərzində baş vermiş maqmatik proseslərin təkamülü və bu proseslərdə neotektonik mərhələ ərəfəsindəki xüsusiyyətləri ətraflı təhlil edilmişdir.
 
 
Monoqrafiyada işıqlandırılan mühüm problemlərdən biri neotektonik mərhələdə (müasir dövr daxil olmaqla) baş vermiş seysmik proseslərdir.
Neotektonik mərhələdə geoloji proseslərin kompleksli ətraflı analizi Cənubi Qafqazın və ona həmsərhəd olan regionların neotektonik təkamülü və geodinamikası haqda bir sıra mühüm nəticələri əsaslandırmağa imkan verir.
 
 
Müəyyən edilmişdir ki, Cənubi Qafqazın müasir geoloji strukturu və relyefin formalaşması neotektonik mərhələdə, yəni oliqosen dördüncü dövr ərzində baş vermişdir. Geotektonik proseslərdə Yer qabığında baş verən həm horizontal və həm də şaquli istiqamətli tektonik hərəkətlərin birgə təsiri mühüm rol oynamışdır.
AZƏRBAYCAN MİNERALLARI

AZƏRBAYCAN MİNERALLARI

(Ak.A. Əlizadə, M.İ. Çıraqov, S.F. Vəlizadə, H.A. Vəliyev)

 


İllüstrasiyalı “Azərbaycan mineralları” ensiklopediyası ölkə ərazisində yayılmış minerallara dair məlumatlardan istifadə etməyi asan qavranılan formada maksimal dərəcədə intensivləşdirməyə imkan verən əyani vəsaitdir. Bu məqsədlə Respublikanın müxtəlif təşkilatlarında fəaliyyət göstərən muzeylərdə toplanmış və həmçinin geoloqların şəxsi kolleksiyalarında saxlanılan və lütfkarlıqla bizə verilən  mineral nümunələrindən istifadə edilmişdir.

 
Ensiklopediyanın tərtibçilərinin qarşısında Azərbaycan minerallarının təbii gözəlliyini və müxtəlifliyini göstərmək və asan qavranılan şəkildə onların qısa təsvirini vermək kimi konkret məsələ dururdu. Bunu nəzərə alaraq, hər bir mineral növünün təsvirində ədəbiyyatdan istifadə etməklə onun kristallokimyəvi formulu, sinqoniyası, növ müxtəliflikləri, rəngi, cizgisinin rəngi, parıltısı, şəffaflıq dərəcəsi, sıxlığı, sərtliyi, ayrılması, kristal və aqreqatlarının morfoloji xüsusiyyətləri, mənşəyi, yayılması, müşayiətçi mineralları, yataqları və tətbiq sahələri göstərilir. Bir sıra mineralların digər səciyyəvi xüsusiyyətləri də qeyd edilir. Onların çoxu adətən miqyası və sənaye əhəmiyyəti baxımından məşhur dünya yataqları ilə müqayisə edilməyəcək olsa da, müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycanın mühüm mineral-xammal bazası sayılır.

 
Müəlliflər hesab edirlər ki, təqdim olunan ensiklopediya peşəkar mineraloqlar üçün deyil, geologiyanın başqa sahələrində çalışan mütəxəssislər və Azərbaycanın təbii sərvətləri ilə maraqlanan digər təbiətşünaslar üçün nəzərdə tutulmuşdur.
MUĞAN MONOKLİNALI (Rus dilində)

MUĞAN MONOKLİNALI (Rus dilində)

(Fərid Həsən oğlu Dadaşov, Pərvanə Əlifağa qızı Məmmədova, Emin Faiq oğlu Ələkbərov)

XÜLASƏ


Azərbaycanda qeyri-antiklinal tipli neft və qaz yataqlarının axtarışı üçün perspektivli obyektlərdən biridə Muğan monoklinalıdır. Belə yataqların axtarışı çətin və mürəkkəbliyini nəzərə alaraq yeni axtarış metodikasının işlənməsi, eləcə də geoloji, geofiziki və geokimyəvi axtarış-kəşfiyyat üsullarından kompleks halında istifadə edilməsi zəruridir. Kitabda böyük faktiki materiallar əsasında bu məsələlərə ətraflı baxılmışdır. Muğan monoklinalının Məhsuldar qat kəsilişində qonşu neft yataqlarında müəyyən edilmiş sənaye əhəmiyyətli horizontlar qeydə alınmış, Məhsuldar qatın horizontları daxilində ayrı-ayrı qumlu və gilli dəstələrin ayrılması ilə zonal və regional müqayisəsi verilmişdir. Aşağı Kür çökəkliyinin cənubi-qərb qanadının maykopdan dördüncü dövrə qədər paleocoğrafiyasına baxılmışdır. İlk dəfə olaraq Muğan monoklinalının pliosen-dördüncü dövrdə qədim çay şəbəkəsinin sxemi tərtib edilmiş, deltalarda çöküntülərin əmələgəlməsini nəzərə alaraq qeyri-antiklinal tələlərinin əsas genetik tiplərinin formalaşması təsvir edilmişdir.


Muğan monoklinalında torpaqaltı çöküntülərinin ümumi geokimyəvi xarakteristikası öyrənilmişdir. Karbohidrogen qaz sahəsinin strukturunda sahəvi qaz anomaliyaları müəyyən edilmişdir. Məhsuldar qat çöküntülərinin güman edilən neft-qaz yataqlarından qalxan qazların hesabına Muğan monoklinalı torpaqaltı çöküntülərində karbohidrogen qazlarının anomaliya zonalarının əmələgəlməsi eksperimental və nəzəri cəhətdən əsaslandırılmışdır. Muğan monoklinalının torpaqaltı çöküntülərində karbohidrogen qazlarının qaz-geokimyəvi axtarışı zamanı görülən işlərin dəyərini azaldan kompleks geokimyəvi tədqiqatların metodikası təqdim edilmişdir.


Məlum geoloji-geokimyəvi təsəvvürlərin, metan karbonunun və onun homoloqlarının izotop analizi əsasında katagenetik proseslər nəticəsində neft-qaz əmələgəlməsinin əsas fazasında karbohirogenlərin formalaşması müəyyən edilmişdir. Məhsuldar qatda karbohidrogenlərin generasiya və akkumulyasiyasının kəmiyyətcə hesablanması aparılmışdır. Kompleks tədqiqatlar nəticəsində iki perspektivli neftli sahə – Sərxanbəyli və Şorsulu – müəyyən edilmiş və Həşimxanlı sahəsinin perspektivli olması təsdiq edilmişdir.