Ana Səhifə / Fəaliyyət / Kiçik Qafqazin mərkəzi hissəsinin neogen vulkanizminin petrogeokimyəvi modeli

Avtoreferatlar

Kiçik Qafqazin mərkəzi hissəsinin neogen vulkanizminin petrogeokimyəvi modeli

Həsənquliyeva Minaxanım Yaşar qızı

2503.01 – Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları
(2014)

Andezit və riolitlərin əmələ gəlməsi maqmatik petrologiyada qismən həll edilən məsələlərdəndir və bu məsələyə dair kifayət qədər elmi işlər mövcuddur. Xüsusilə bazalt, dasit və riolitlərdə vahid sıra əmələ gətirən andezitlərin əmələ gəlməsi mürəkkəb problem olaraq qalır. Andezitlərin əmələ gəlməsini izah edən bir sıra hipotezlər vardır: 1) bazalt maqmasının kristallaşma diferensiasiyası; 2) Yer qabığının aşağı horizont süxurlarının qismən əriməsi; 3) subduksiya olunmuş okean qabığının və mantiya süxurlarının qismən əriməsi; 4) bazalt ərintisinin Yer qabığı materialı ilə assimilyasiyası; 5) vahid kristallaşma və assimilyasiya prosesi.

Bu hipotezlərin hamısı qarşılıqlı ziddiyyətə malikdir. Belə bir problemi həll etmək üçün Kiçik Qafqazın mərkəzi hissəsinin inkişafının gec kolliziya mərhələsinə cavab verən Neogen yaşlı andezit-dasit-riolit formasiyası unikal bir obyekt kimi götürülə bilər. Qoyulan məsələləri həll etmək üçün müxtəlif tip süxurların müasir səviyyədə öyrənilməsi tələb olunur. Kogerent və qeyri-kogerent elementlərin geokimyəvi xüsusiyyətləri, onların nisbətləri mantiya mənbəyinin xarakterini və fraksionlaşma prosesinin tipini müəyyən etməyə imkan verir. Formasiya süxurlarının əmələ gəlməsində kristallaşma diferensiasiyası, maqmaların qarışma, assimilyasiya prosesinin rolunun qiymətləndirməsinin kompüter vasitəsilə modelləşdirilməsi qeyd edilən problemlərin həlli üçün ən real mexanizmdir. Dissertasiya işində formasiya süxurlarının müxtəlifliyini izah etmək üçün ümumiləşdirilmiş assimilyasiya və fraksion kristallaşma (AFC) modeli irəli sürülmüşdür.