Ana Səhifə / Fəaliyyət / Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqının karbohidrogen potensialının qiymətləndirilməsi

Avtoreferatlar

Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqının karbohidrogen potensialının qiymətləndirilməsi

Hüseynova Şəlalə məhərrəm qızı

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Bu iş hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipe¬laqında karbohidrogenlərin generasiya, miqrasiya və akkumulyasiya proseslərinin tədqiqi və dərinə gömülmüş çöküntülərin neft-qazlılığının proqnozlaşdırılmasına həsr edilmişdir.

Müəllif tərəfindən yaradılan kompleks geoloji-geofiziki, termobarik və geokimyəvi elektron məlumatlar bazasına əsaslanan, Bakı arxipelaqı karbo¬hid¬rogen sistemlərinin ikiölçülü və neft-qaz rezervuarlarının üçölçülü modelləri qurulmuşdur. Bakı arxipelaqı gömülmə tarixinin, termobarik şəraitin, neft-qaz əmələgəlmə ocaqlarının təkamülünün, miqrasiya və akkumulyasiya proses¬ləri¬nin, neft-qaz rezervuarlarının litofasial və petrofiziki modelləşdirilməsi məsələ¬ləri yerinə yetirilmişdir.

Bakı arxipelaqının karbohidrogen sistemlərinin ikiölçülü modelləş¬di¬rilməsinin nəticələri karbohidrogenlərin eosen, oliqosen-miosen və alt plio¬sen çöküntülərində bir neçə avtonom generasiya ocaqlarının mövcud olma¬sını təsdiq edir.

Bakı arxipelaqının zaman və məkanda geotermik sahəsinin təkamü¬lü¬nün modelləşdirilməsi, mezokaynozoy çöküntülərinin qızma və yetkinləş¬mə dərəcəsini aşkar etməyə imkan verdi. Arxipelaqın cinah hissəsində in¬ten¬siv qaz generasiya zonasında yerləşən və gömülmüş hissəsində çox yet¬kinləşmiş mezokaynozoy kompleksi süxurları ən böyük yetkinliklə xarak¬terizə olunur. Paleogen-miosen çöküntüləri neft və qazın əsas generasiya zonasında yerləşir. Miosen çöküntülərindən cavan olan bütün çöküntülər, Bakı arxipelaqının gömülmüş hissəsində neftin ilkin generasiya zonasına daxil olan Məhsuldar Qatın alt horizontları istisna olmaqla, yetkinləş¬mə¬mişdir.

Karbohidrogenlərin generasiya intervalı çox genişdir: üst sərhədi çökün¬tülərin regional gömülmə istiqamətində 6.5 km dərinliyə enərək, 5 km dərin¬likdə yerləşən neftin əmələgəlmə intervalı oliqosen-miosen və pliosen çökün¬tülərinin alt hissəsinə uyğun gəlir; qaz əmələgəlmə intervalı cinah hissədə 9.5-15 km dərinlikdə, gömülmüş hissədə isə 11-16.5 km-də yerləşir və eosen-təbaşir çöküntülərinə uyğun gəlir.

KH-in generasiya ocaqlarının məkan-zaman təkamülünün modelləş¬dirməsi, neft-qaz ana süxurlarının KH generasiya potensialının realizə dərəcəsini aşkar etməyə imkan verdi. Eosen çöküntüləri cinah hissədə öz KH potensialını 40-50%, gömülmüş hissədə 80-90% realizə etmişlər. Oliqosen-alt miosen çöküntülərinin cinah hissədə KH potensialının realizə dərəcəsi 20%, gömülmüş hissədə 60-70%-dir. Orta və üst miosen çökün¬tüləri öz generasiya potensialının yalnız 20-25%-ni realizə etmişdir.

Bakı arxipelaqının geobarik sahəsinin modelləşdirilməsi gilliliyin artması ilə əlaqədar, CXH-nin mərkəzinə doğru gömülmə istiqamətində və şimali-qərb – cənub-şərq istiqamətində artan geoflüidal təzyiqin trendləri¬nin paylanma qanunauyğunluğunu aşkar etməyə imkan verdi. Bakı arxipe¬la¬qının geobarik şəraiti karbohidrogenlərin miqrasiyasının geodinamikasını və təbii rezervuarların karbohidrogenlərlə doyma dərəcəsini müəyyən etmişdir.

Üçölçülü litofasial və petrofiziki modelləşdirilmə süxurların kollek¬tor xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarını göstərdi. Gömülmə istiqamətində məhsuldar horizontların ümumi qalınlığının 20-30%, effektiv qalınlığın 50%, qumluluğun artması, məsaməlik və keçiriciliyin azalması mü-şahidə olunur. Modelləşdirmə göstərir ki, süxurların filtrasiya-həcm xüsu¬siyyətlərinin pisləşməsi baş versə də, onlar 6 km-dək qənaətbəxş olaraq qalırlar. Gömülmə ilə kollektorların filtrasiya-həcm xassələrinin pisləşməsinin ümumi fonunda bəzi zonalarda onların yaxşılaşması baş verir və bu, bizim fikrimizcə, süxurların sıxlığının azalması və törəmə proseslərinin təzahürü ilə bağlıdır. Bu da 6 km-dən dərində karbohidrogen yığımlarının aşkar etmə perspektivliyini optimistik qiymətləndirməyə imkan verir.

Modelləşdirilmənin nəticələri Bakı arxipelaqında mümkün neft-qaz yığımı zonalarını ayırmağa və perspektivlik dərəcəsinə görə qeyd etməyə imkan verdi: MQ-ın alt hissəsində və miosen çöküntülərində neft və qaz yığımlarının aşkar edilməsi üçün yüksək perspektivli olan I zona və perspektivli olan II zona, III – aşağı perspektivli zona, IV – kondensat və qaz yığımı zonası.