Ana Səhifə / Fəaliyyət / Fasial analiz və kollektorların modelləri əsasında Abşeron arxipelaqının qərb hissəsinin Üst Miosen – Alt Pliosen çöküntülərinin neftqazlılığının proqnozlaşdırılması

Avtoreferatlar

Fasial analiz və kollektorların modelləri əsasında Abşeron arxipelaqının qərb hissəsinin Üst Miosen – Alt Pliosen çöküntülərinin neftqazlılığının proqnozlaşdırılması

İddiaçı: Şıxova Leyla Firudin qızı

İxtisas: 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı


Mövzunun aktuallığı və işlənmə dərəcəsi
Bütövlükdə Cənubi Xəzər hövzəsinin və xüsusilə Abşeron arxipelaqı neft-qaz yataqlarının xeyli müddət işlənmə tarixinə baxmayaraq, region yeni karbohidrogen ehtiyatları potensialı baxımından hələ də çox perspektivlidir. Abşeron arxipelaqının geoloji quruluşunun, stratiqrafiyasının, litologiyasının və neftqazlılığının müxtəlif məsələləri bir sıra geoloqlar – G.V.Abıx, I.M.Qubkin, A.A.Əlizadə, Ş.F.Mehdiyev, B.K.Babazadə, Ə.N.Əlixanov, A.K.Əliyev və b. tərəfindən tədqiq edilmişdir. Uzun müddət ərzində axtarış, kəşfiyyat və işlənmənin əsas obyektləri Darvin küpəsi, Pirallahı, Gürgən-dəniz, Çilov, Palçıq pilpiləsi, Neft Daşları və bir sıra başqa sahələrdəki Məhsuldar qat (MQ) çöküntüləri olmuşdur. Abşeron arxipelaqının yataqlarında neftlədoyumlu çöküntülər əsasən MQ-ın alt lay dəstələrində yerləşir. Bununla yanaşı hazırda onların altında yatan Miosen çöküntüləri də axtarış-kəşfiyyat baxımından maraq kəsb edir. Bu nöqteyi-nəzərdən çöküntü toplanma şəraitlərinin tədqiqi, qum dəstələri yerləşən yeni zonaların aşkara çıxarılması, ayrı-ayrı obyektlər üzrə filtrasiya-tutum xassələrinin təhlili prioritet və aktual məsələdir. Bu məsələnin həlli gələcəkdə nəinki rezervuarların aşkara çıxarılmasına və onların işlənməsinin effektivliyinin müəyyən edilməsinə, həm də tədqiq olunan rayonun neftqazlılığının perspektivliliyini qiymətləndirməyə imkan verər.

Tədqiqatın obyekti və predmeti
Tədqiqatın obyekti Abşeron arxipelaqının qərb hissəsidir, predmeti – Üst Miosen-Alt Pliosen çöküntülərinin çöküntütoplanma şəraitinin, petrofiziki və kollektorluq xüsusiyyətlərinin öyrənilməsi və modelləşdirilməsidir.

Tədqiqatın məqsəd və vəzifələri
Məhsuldar qatın ayrı-ayrı lay dəstələrinin və Miosen çöküntülərinin neftqazlılığının proqnozlaşdırılması məqsədi ilə quyu geofiziki tədqiqat (QGT) məlumatlarının interpretasiyası və kern materialları əsasında litofasial və petrofiziki modellərin qurulması, çöküntülərin çöküntütoplanma paleoşəraitlərinin və kollektorluq xassələrinin öyrənilməsi.
  1. Mürrəkəb quruluşlu neft və qaz kollektorlarının geoloji quruluşunun əsas xüsusiyyətlərinin və qanunauyğunluqlarının aşkar edilməsi;
  2. Məhsuldar qatın alt şöbəsinin lay dəstələri üçün QGT və kern məlumatları əsasında litofasial tiplərin müəyyən edilməsi;
  3. Miosen yaşlı süxurların kern məlumatlarının geokimyəvi və mikroskopik tədqiqatları əsasında çöküntütoplanma paleoşəraitlərinin müəyyən edilməsi və kollektorluq xassələrinin qiymətləndirilməsi;
  4. Çöküntülərin neftqazlılığa görə perspektivliliyini proqnozlaşdırmaq məqsədi ilə QGT məlumatlarının interpretasiyası əsasında yatağın litofasial və petrofiziki modellərinin və xəritələrinin qurulması;
  5. Abşeron arxipelaqında MQ-ın ayrı-ayrı lay dəstələrinin petrofiziki parametrlərinin və litoloji xüsusiyyətlərinin paylanma qanunauyğunluqlarının müəyyən edilməsi.

Tədqiqat metodları

Qarşıya qoyulan məsələlər innovativ texnologiyaların tətbiqi ilə QGT məlumatlarının geoloji interpretasiyası, kern materialının geokimyəvi və mikroskopik analizi əsasında həll edilmişdir. Kingdom və DV-Seis Geo proqram komplekslərinin tətbiqi ilə yatağın modelləşdirilməsi həyata keçirilmişdir. Tədqiqatların aparılması və üsulların aprobasiyası məqsədi ilə Pirallahı yatağının şimal və cənub qırışıqlıqlarında qazılmış 482 quyu üzrə məlumat bazası yaradılmışdır.
 


Müdafiəyə çıxarılan əsas müddəalar:

  1. MQ-ın alt şöbəsinin lay dəstələrinin və Miosen süxurlarının çöküntütoplanma şəraitinin paleomodelləri
  2. Mürəkkəb quruluşlu neft və qaz kollektorlarının ikiölçülü və üçölçülü litofasial və petrofiziki modelləri və xəritələri.

Tədqiqatın elmi yeniliyi:
  • karotaj və kern məlumatları nəticələrinin təhlili əsasında Pirallahı yatağının MQ-ın alt şöbəsinin lay dəstələri üçün litofasial tiplər müəyyən edilmiş və çöküntülərin toplanma şəraitləri dəqiqləşdirilmişdir;
  • geokimyəvi, mineraloji və mikrofaunistik tədqiqatların nəticələrinə əsaslanaraq Miosen çöküntülərinin bəzi horizontlarının sedimentasiya paleoşəraitləri müəyyən edilmiş və habelə onların litoloji tərkibinə və kollektorluq xassələrinə aid məlumatlar ətraflı təsvir olunmuşdur;
  • geoloji-geofiziki informasiyanın kompleks interpretasiyası və parametrik modelləşdirmə üsullarının tətbiqi ilə, Pirallahı yatağının petrofiziki və litoloji parametrləri üzrə (effektiv məsaməlilik, neftqazdoyumluluq, gillililik və qumluluq) üçölçülü modellər tərtib edilmiş, struktur, petrofiziki, litofasial, effektiv və neftdoyumlu qalınlıqlar xəritələri qurulmuş, MQ-ın alt şöbəsinin lay dəstələri üzrə kollektorların petrofiziki parametrlərinin sərhəd qiymətləri təyin
  • edilmişdir;
  • ilk dəfə skan elektron mikroskopunun tətbiqi ilə tədqiqat ərazisində Miosen çöküntülərinin mineral hissəciklərinin morfolojı parametrləri və məsaməliliyinin kəmiyyət təhlili aparılmış və onların kollektorluq xüsusiyyətləri qiymətləndirilmişdir;
  • Abşeron arxipelaqı yataqlarına aid geoloji və geofiziki məlumatların statistik təhlilinə, habelə interpretasiya nəticələrinə əsasən MQ-ın alt şöbəsinin lay dəstələri üzrə kollektorluq və litoloji parametrlərin dəyişgənliyi qanunauyğunluqları dəqiqləşdirilmişdir.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti

Aprobasiya olunmuş üsullar geoloji mühitin 2D və 3D petrofiziki və litofasial modellərini yaratmaqla geoloji kəsilişin kollektor xüsusiyyətlərini operativ proqnozlaşdırmaq və karbohidrogen ehtiyatlarını qiymətləndirmək üçün başqa yataqlarda istifadə edilə bilər.
Yatağın sonrakı işlənməsində üçölçülü litofasial modelin və petrofiziki tədqiqatların birlikdə istifadəsi ən yaxşı kollektor xüsusiyyətləri olan sahələri müəyyənləşdirməyə və izləməyə kömək edəcəkdir, müxtəlif təyinatlı quyuların (vurucu, istismar, kəşfiyyat və s.) effektiv layihələndirilməsi üçün optimal şəraitlərin təyin olmasına və neft-qaz yataqlarının əlavə kəşfiyyat və işlənmə parametrlərinin müəyyən edilməsinə imkan yaradır.