Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI


20 aprel 2022-ci il

Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində Ümumrespublika elmi seminari keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə hazırda və yaxın onilliklərdə Respublika büdcəsinin xeyli hissəsinin karbohidrogenlər hesabına formalaşması faktını nəzərə alaraq Azərbaycanda neft hasilatının gələcəyi ilə bağlı problemlərin alim və mütəxəssislərin daim diqqət mərkəzində olduğunu aktual hal kimi dəyərləndirib. Akademik seminarın gündəliyində duran məsələnin də bu mövzuya aid olduğunu bildirib və “Azərbaycanın neft-qaz geologiyası XXI əsrdə: hazırki durum və perspektivlər” mövzusunda təqdimat üçün sözü g.-m.e.n. Şahvələd Köçərliyə verib.

Natiq son zamanlarda hasil edilən neftin yeni ehtiyatlarla kompensasiya edilməməsinin vacib problem olduğunu diqqətə çatdırıb. Bildirib ki, yeni neft ehtiyatlarının ənənəvi və qeyri-ənənəvi mənbələrdən hazırlan¬ması qarşıda məqsəd qoyulmalıdır. Ş.Köçərli sonra ənənəvi və qeyri-ənənəvi karbohidrogen mənbələri kimi bir sıra məkanları göstərərək qeyd edib ki, bu işlərin gerçəkləşməsi üçün fundamental və sahəvi elmi-tədqiqat işləri aparılmalı, kəşfiyyat qazması artırılmalı, yataqların işlədilməsində yeni metodik yanaşmalar tətbiq edilməlidir.

Natiq sonra vurğulayıb ki, qaldırılan məsələlərlə əlaqədar müvafiq elmi-tədqiqat və istehsalat təşkilat¬larının iştirakı ilə Dövlət proqramının hazırlanması zəruridir.

Seminarda iştirakçıların çoxsaylı sualları cavablandırılıb, təkliflərin nəzərə alınacağı bildirilib. Akademik Akif Əlizadə seminarın sonunda qaldırılan məsələlərin ölkə iqtisadiyyatında strateji əhəmiyyət kəsb etdiyi üçün SOCAR-ın müəssisə və təşkilatlarının iştirakı ilə bu məruzənin müzakirəsini tövsiyə edib.